backend

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi nüfuzunu bir daha təsdiqlədi – ŞƏRH

Bakı daha bir mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edərək Dünya Şəhərsalma Forumu – WUF13-ü uğurla başa çatdırdı. Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, şəhərsalma üzrə mütəxəssisləri, memarları, investorları, alimləri və vətəndaş cəmiyyəti nümayəndələrini Azərbaycan paytaxtında bir araya gətirdi. Bir həftə davam edən tədbir qlobal urbanizasiya proseslərinin müzakirəsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıdı.
Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki,  Forumun əsas mövzusu təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması idi:
“Tədbir çərçivəsində müasir urbanizasiya problemləri, sürətli əhali artımının şəhərlərə təsiri, mənzil təminatı, iqlim dəyişiklikləri, ekoloji davamlılıq, rəqəmsal texnologiyaların şəhər idarəçiliyində rolu və “ağıllı şəhər” modelləri geniş şəkildə müzakirə edildi. Müxtəlif panel sessiyaları və təqdimatlar zamanı ekspertlər şəhərlərin gələcək inkişaf istiqamətləri ilə bağlı innovativ həll yollarını təqdim etdilər.
Sözsüz ki, Bakının forum üçün seçilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Son illərdə ölkədə həyata keçirilən iri infrastruktur layihələri, şəhərsalma sahəsində aparılan islahatlar və müasir urbanizasiya yanaşmaları beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənilir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri forum iştirakçılarının böyük marağına səbəb oldu. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları dayanıqlı inkişafın nümunəsi kimi təqdim edildi.

Deputat bildirib ki, Forum çərçivəsində təşkil olunan sərgilərdə müxtəlif ölkələrin şəhərsalma sahəsində nailiyyətləri nümayiş etdirilib:
“Yeni texnologiyalar, ekoloji təmiz nəqliyyat sistemləri, yaşıl enerji həlləri və rəqəmsal idarəetmə modelləri iştirakçıların diqqətini çəkdi. Həmçinin şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması və ekoloji təhlükəsizliyin təmin olunması məsələləri əsas müzakirə mövzularından biri oldu.
WUF13 zamanı beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində də mühüm addımlar atıldı. Müxtəlif ölkələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirildi, şəhərsalma və infrastruktur layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olundu. Forum Azərbaycanın beynəlxalq tərəfdaşlarla əlaqələrinin genişlənməsi və yeni investisiya imkanlarının formalaşması baxımından da əhəmiyyətli platforma rolunu oynadı”.
Sevinc Hüseynova vurğulayıb ki, tədbirin yüksək səviyyədə təşkili xarici qonaqlar tərəfindən xüsusi qeyd edilib:
“Forum iştirakçıları Bakının müasir memarlığını, inkişaf etmiş nəqliyyat infrastrukturunu, təhlükəsizlik səviyyəsini və qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Şəhərin beynəlxalq tədbirlərin keçirilməsi üçün uyğun imkanlara malik olduğu bir daha təsdiqləndi.
WUF13 yalnız şəhərsalma sahəsində deyil, həm də Azərbaycanın turizm potensialının tanıdılması baxımından mühüm rol oynadı. Forum çərçivəsində ölkəyə gələn qonaqlar Bakının tarixi və müasir simasını yaxından tanımaq imkanı əldə etdilər. Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və tarixi irsi iştirakçılarda xoş təəssürat yaratdı.
Bütün bunlar onu deməyə əsas verir ki, Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya və dayanıqlı inkişaf gündəliyində fəal iştirakını nümayiş etdirdi. Bu mötəbər tədbir ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və şəhərsalma sahəsində qabaqcıl təcrübələrin tətbiqinə mühüm töhfə vermiş oldu.
Beləliklə, WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi nüfuzunu bir daha təsdiqlədi və Bakının regionun aparıcı beynəlxalq platformalarından biri olduğunu nümayiş etdirdi”.