backend

Fatma Yıldırım: Kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərlə bağlı paylaşım edib.

Deputat bildirib ki, dövlət başçısının müşavirədə verdiyi mesajlar aqrar sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının növbəti dəfə aydın ifadəsidir. O qeyd edib ki, kənd təsərrüfatı ölkədə sosial sabitliyin, ərzaq təhlükəsizliyinin və regionların davamlı inkişafının təmin edilməsində strateji əhəmiyyət daşıyır.
Fatma Yıldırım vurğulayıb ki, son 20 ildən artıq dövrdə həyata keçirilən Regional İnkişaf Proqramları nəticəsində bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, kəndlərin sosial siması dəyişib, məşğulluq imkanları genişlənib və insanların yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onun sözlərinə görə, qazlaşdırma, elektrik təchizatı, yol infrastrukturu və su təminatı sahəsində əldə olunan nailiyyətlər məqsədyönlü dövlət siyasətinin uğurlu nəticəsidir.
Paylaşımda qeyd olunub ki, müşavirədə subsidiyalar, güzəştli kreditlər, aqroparkların yaradılması və fermerlərə göstərilən dövlət dəstəyi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Eyni zamanda pambıqçılıq, baramaçılıq, fındıqçılıq və digər ənənəvi sahələrin yenidən dirçəldilməsi aqrar sahədə həyata keçirilən islahatların uğurlu nəticəsi kimi qiymətləndirilib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin kənd təsərrüfatında mövcud dinamikanın daha da sürətləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar qarşıdakı dövr üçün mühüm yol xəritəsi müəyyən edir. Xüsusilə 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının hazırlanması məhsuldarlığın artırılması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fatma Yıldırım həmçinin dövlət başçısının şəhərlərdən kəndlərə qayıdış prosesinin təşviqi ilə bağlı yanaşmasının regionlarda sosial rifahın yüksəldilməsi, kənd həyatının daha cəlbedici hala gətirilməsi və insanların doğma torpaqlara bağlılığının gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
Deputatın fikrincə, su təminatı, müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaqdan səmərəli istifadə, intensiv bağçılığın inkişafı, istixana komplekslərinin artırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçiriləcək tədbirlər Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsasını təşkil edəcək.