backend

Vətəndaş özbaşına tikinti apara bilməzdi… – Deputat

“Paytaxtda sənədsiz evlər probleminin bu miqyasda böyüməsinin əsas səbəbi vaxtında cavabdeh qurumların prosesə müdaxilə etməməsidir və mövcud reallıqda kütləvi söküntü çıxış yolu deyil”.

Qaynarxett.az xəbər veriur ki, bunu qanunsuz tikililər, gələcək nəzarət mexanizmləri barədə danışarkən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, vətəndaşların özbaşına tikinti aparmasının vaxtında qarşısının alınmaması bugünkü ağır mənzərəni yaradıb:
“Problemin sosial-iqtisadi fəsadlar vermədən həlli üçün torpaqların təyinatı məsələsinə yenidən baxılmalıdır. Vətəndaş özbaşına tikinti apara bilməzdi və cavabdeh qurumlar vaxtında müdaxilə etmədiyi üçün problemin miqyası böyüyüb. Bakıda çoxlu sayda evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib və onların kütləvi şəkildə sökülməsi nə sosial, nə də iqtisadi baxımdan real görünür. Daha məqsədəuyğun yol həmin torpaqların təyinatının dəyişdirilməsi və insanların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsidir”.
MCP başqanı vurğulayıb ki, amnistiya addımı gələcəkdə qanunsuz tikintiləri stimullaşdırmamalı, əksinə, gələcək risklərin qarşısını alan sərt mexanizmlərlə paralel icra olunmalıdır, deyərək, təhlükəli zonalarda yerləşən evlərlə bağlı istisnaların da olduğunu diqqətə çatdırıb:
“Bu proses yalnız amnistiya ilə məhdudlaşdırılmamalıdır. Ciddi nəzarət mexanizmləri qurulmalı, gələcəkdə qanunsuz tikintilərin qarşısı qəti şəkildə alınmalıdır. Yəni amnistiya keçmişin problemini həll etməli, nəzarət isə gələcəyin risklərini minimuma endirməlidir. Mühafizə zonalarında və kommunikasiya xətləri üzərində tikilən evlər istisna olmalı, ədalətli kompensasiya qarşılığında söküntüsü aparılmalıdır”.