backend

Fatma Yıldırım: “28 May xalqımızın azadlıq iradəsinin və milli dövlətçilik düşüncəsinin təntənəsidir”

Milli Məclisin deputatı Fatma Yıldırım 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.

Deputat bildirib ki, Azərbaycan xalqının dövlətçilik tarixində 28 May 1918-ci il xüsusi və şərəfli yer tutur. Həmin gün xalqımız Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradaraq müstəqil yaşamaq iradəsini bütün dünyaya nümayiş etdirib.

Fatma Yıldırım qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz iz qoyub. Milli parlamentin və hökumətin yaradılması, dövlət atributlarının təsis olunması, milli ordunun formalaşdırılması, qadınlara seçki hüququnun verilməsi və digər mühüm addımlar Cümhuriyyətin mütərəqqi dövlət modeli olduğunu sübut edib.

Deputat vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti milli kimliyimizin və dövlətçilik ənənələrimizin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, həmin dövrdə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və milli maraqlarının qorunmasına xidmət edib.

Paylaşımda Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətin vəzifədir” fikrinə də yer verilib. Bildirilib ki, XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi dövrdə ölkənin üzləşdiyi təhlükələr məhz Heydər Əliyevin siyasi müdrikliyi və qətiyyəti sayəsində aradan qaldırılıb, dövlətçilik ənənələri möhkəmləndirilib.

Fatma Yıldırım qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin idealları uğurla yaşadılır, ölkənin suverenliyi və ərazi bütövlüyü tam təmin olunur. O, tarixi Zəfərin Cümhuriyyət qurucularının arzu və ideallarının gerçəkləşməsinin təntənəsi olduğunu vurğulayıb.

Deputat sonda xalqımızı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edərək, Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olmasını arzulayıb.