backend

Fatma Yıldırım:“1918-ci ildə qadınlara seçki hüququ verilməsi dünyaya mesaj idi”

"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümüdür. 1918-ci il mayın 28-də yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizin qızıl səhifələrindən biridir.

28 May – Müstəqillik Günü münasibətilə deputat Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsi, müasir dövlətçilik siyasəti və milli istiqlal ideyalarının bu gün də yaşaması ilə bağlı fikirlərini bölüşüb. Deputat bildirib ki, 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələri müasir Azərbaycanın siyasi kursunda, milli maraqlara əsaslanan idarəçilik modelində və müstəqil xarici siyasətində öz əksini tapır. O, həmçinin milli birlik, gənclərin dövlətçilik ruhunda yetişdirilməsi və istiqlal bəyannaməsinin siyasi əhəmiyyəti ilə bağlı mühüm məqamlara toxunub.

Bu fikirləri Qaynarxett.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları müasir dövlət idarəçiliyində nə dərəcədə yaşayır?

Azərbaycan Xalq Cümhuriyyətinin əsas ideyaları – müstəqillik, dövlətçilik, milli birlik və demokratik idarəçilik prinsipləri bu gün də ölkəmizin dövlət siyasətində yaşayır. Müasir Azərbaycan məhz 1918-ci ildə əsası qoyulan dövlətçilik ənənələrinin davamçısıdır. Güclü dövlət idarəçiliyi, milli maraqlara əsaslanan siyasət və suverenliyin qorunması istiqamətində atılan addımlar Cümhuriyyət ideyalarının yaşadığını açıq şəkildə göstərir.

28 May ruhu bu gün Azərbaycanın xarici siyasətində necə hiss olunur?

28 May ruhu Azərbaycanın müstəqil və balanslı xarici siyasətində aydın hiss olunur. Bu gün Azərbaycan heç bir mərkəzdən asılı olmayan, milli maraqları əsas götürən siyasət həyata keçirir. Dövlətimizin beynəlxalq təşkilatlarda artan nüfuzu, türk dünyası ilə əməkdaşlığın güclənməsi və qlobal platformalarda söz sahibi olması məhz Cümhuriyyətin istiqlal ruhunun davamıdır.

1918-ci ildə qadınlara seçki hüququnun verilməsi Azərbaycanın dünyaya hansı mesajı idi?

1918-ci ildə qadınlara seçki hüququnun verilməsi Azərbaycanın nə qədər müasir və qabaqcıl dövlət düşüncəsinə sahib olduğunu göstərirdi. Həmin dövrdə bir çox Avropa ölkəsində qadınların belə hüquqları yox idi. Azərbaycan bununla dünyaya göstərdi ki, Şərqdə demokratik, dünyəvi və insan hüquqlarına hörmət edən dövlət modeli qurmaq mümkündür.

Müstəqillik ideyasının qorunması üçün milli birlik nə qədər vacibdir?

Milli birlik hər bir müstəqil dövlətin ən böyük gücüdür. Tarix göstərir ki, daxildə birlik olan xalqlar xarici təzyiqlərə qarşı daha güclü dayanır. Azərbaycanın əldə etdiyi uğurların əsasında da xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətçilik maraqlarının hər şeydən üstün tutulması dayanır.

Azərbaycan gəncliyi 28 Mayın siyasi və tarixi mahiyyətini kifayət qədər anlayırmı?

Bu gün Azərbaycan gəncliyi 28 Mayın tarixi əhəmiyyətini daha yaxşı dərk etməyə başlayıb. Xüsusilə son illərdə dövlətçilik tariximizin təbliği, gənclərin milli ruhda yetişdirilməsi və tarixi irsimizə marağın artması bu istiqamətdə mühüm rol oynayır. Gənclər anlamalıdır ki, 28 May yalnız tarix günü yox, müstəqil dövlət düşüncəsinin başlanğıcıdır.

1918-ci ildə elan olunan istiqlal bəyannaməsinin ən güclü siyasi mesajı nə idi?

İstiqlal Bəyannaməsinin ən güclü siyasi mesajı Azərbaycan xalqının öz taleyini özü müəyyən etmək iradəsi idi. Bu sənəd bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı azad, müstəqil və suveren dövlət qurmaq əzmindədir. Həmin ideya bu gün də Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir.