backend

Bu gün İstiqlal şairi – Bəxtiyar Vahabzadənin anım günüdür

Milli Məclisin deputatı Cavanşir Feyziyev bu münasibətlə paylaşım edərək görkəmli şairin həyat və yaradıcılığından bəhs edib.

Deputat qeyd edib ki, Bəxtiyar Vahabzadə hər il, hər ay, hər gün anılmağa layiq şəxsiyyətdir. O, bütün ömrünü xalqın azadlığı və tərəqqisi uğrunda mübarizəyə həsr edib, sovet rejiminin ən sərt dövrlərində belə azadlıq və müstəqillik ideyalarını açıq şəkildə səsləndirib. Şair həyatının mənasını xalq üçün yaşamaqda, bu yolda “şam kimi yanmaqda” görürdü və milli azadlıq mübarizəsini əsas həyat kredosu seçmişdi.

Paylaşımda vurğulanıb ki, böyük mütəfəkkir yalnız bir millətin deyil, bütövlükdə insanlığın azadlığı və xoşbəxt gələcəyi haqqında düşünürdü. Onun ədəbi-bədii yaradıcılığı siyasi mübarizəsi ilə vəhdət təşkil etsə də, əsərləri ehkamçı təbliğat xarakteri daşımayıb. Şair müxtəlif mövzularda qələmə aldığı əsərlərində – istər təbiətin gözəlliklərini, istərsə də sevgi və məhəbbət kimi ülvi hissləri tərənnüm edərkən belə – misralar arasında daxili nisgil və ictimai narahatlığı incə şəkildə hiss etdirə bilib.

Cavanşir Feyziyev bildirib ki, həyatı, mübarizəsi və yaradıcılığı ilə Bəxtiyar Vahabzadə XX əsr tariximizin ən görkəmli şəxsiyyətlərindən biri kimi unikal obraz yaradıb. Bu obraz Azərbaycan və türk xalqlarının yaddaşında düzlük, doğruçuluq, mübarizlik, cəsarət və ləyaqət rəmzi kimi yaşayır.

Deputatın sözlərinə görə, milli sərvət dəyəri qazanmış belə şəxsiyyətlərin irsinin qorunması hər birimizin tarix və milli mədəniyyət qarşısında mənəvi borcudur.