backend

"Adları açıqlanan adamlar bu fəaliyyətə cəlb olunmuş şəxslərin az bir hissəsi ola bilər" - ŞƏRH

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı siyasi proseslərə müdaxiləsi və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi başlanıb.
Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və bunların ətrafında olan komandanın fəaliyyətinin ifşası ölkəmiz üçün nə ifadə edir?
Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, DTX tərəfindən verilən açıqlamanı aysberqin görünən hissəsi kimi qəbul etmək lazımdır:
“Aydın məsələdir ki, bu kimi xəyallara düşən adamlar öz ətrafında daha çox adamları toplamağa və cəmiyyətin bəzi təbəqələri içərisində əvvəlcədən özünə dayaq nöqtələri hazırlamağa çalışır və ilk növbədə sosial cəhətdən həssas və öz uğursuzluqlarını dövlətin günahı kimi görən savadsız adamlar üzərində öz təsir dairəsini yaratmağa çalışırlar. Bu isə o deməkdir ki, adları açıqlanan adamlar bu fəaliyyətə cəlb olunmuş adamların çox az bir hissəsi ola bilər. Amma bu şəxslərin işin əsas fiqurları olması heç bir şübhə doğurmur. Sosial şəbəkələrdə və Youtube kanallarında şübhəliləri müdafiə etməyə çalışan bəzi “tanınmış” personajların da istintaqa cəlb olunacağını ehtimal etmək olar”.
“Hələlik çıxarıla biləcək nəticə o olmalıdır ki, uzun illər ərzində dövlətin təhlükəsizliyi hər zaman diqqət mərkəzində olub və bu kimi xəyanət cəhdləri həmişə uğurlu şəkildə ifşa olunub. Bu isə o deməkdir ki, bizim coğrafiyada və bizim şəraitimizdə ölkə xaricindən müdaxilə həmişə olub və hələ də ola bilər. Vətəndaşlar maddi, iqtisadi, sosial bəhanələr altında gizlədilən siyasi təbliğata uymamalı, belə təşviqlərə ehtiyatla yanaşmalı və hər bir halda dövlətin təhlükəsizliyi ilə bağlı olan məsələləri öz şəxsi çıxarlarından yox, əsl vətəndaşlıq mövqeyindən təhlil etməlidir”,– deyə o əlavə edib.
media-inshot_20260213_160638676
C.Feyziyev vurğulayıb ki, bugünkü Azərbaycan dövləti 90-cı illərin kövrək dövləti deyil:
“Azərbaycan artıq müstəqil dövlətçiliyimizə qarşı daxildə və xaricdə formalaşan bütün çağırışların öhdəsindən gəlməyə hazırdır. Bununla belə, hər bir vətəndaşımız üçün Vətən düşüncəsi, milli suverenlik əqidəsi hər zaman prioritet olmalıdır”.