backend

Mingəçevir şəhər təşkilatının 33 illiyinə həsr edilmiş yığıncaq keçirildi

13 fevral 2026-cı il tarixdə YAP Mingəçevir şəhər təşkilatında partiya fəalları ilə şəhər təşkilatının təsis edilməsinin 33 illiyinə həsr edilmiş yığıncaq keçirildi.

Tədbir iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər. Konfransda Ulu Öndər Heydər Əliyevin , dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükut elan edilir.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev məruzə ilə çıxış edərək əvvəlcə partiya üzvlərini təbrik etdi. Qeyd etdi ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramının məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik hüquqi dünyəvi cəmiyyət qurulması, əmin amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. YAP Mingəçevir şəhər təşkilatı ölkədə qabaqcıl yaranan təşkilatlardandır. Ötən 33 il ərzində müəyyənləşdirilən məqsədlərinə çatmaq üçün uğurlu fəaliyyət göstərir. Hazırda 50 ərazi partiya təşkilatının tərkibində 8094 nəfər üzvü var. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı öz fəaliyyətini partiyanın yeni Nizamnaməsi və Proqramının tələblərinə, Mərkəzi Aparatın tövsiyyələri nəzərə alınmaqla təsdiq etdiyi iş planı əsasında qurur və öz fəaliyyət metodlarını daim təkmilləşdirərək davam edir.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərdən danışaraq qeyd edib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər Azərbaycanı inkişaf yoluna çəkib.
Ulu Öndərin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmiz üzləşdiyi bəlalardan xilas oldu, xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Heydər Əliyev ideologiyasının layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin sayəsində dövlətimiz bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar.
Daha sonra Partiya veteranları Ramiz Kərimov, Ramiz Süleymanov, Nurcamal Əsgərova və partiya fəalı Şəmsinur Hüseynova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələblərindən irəli gəlib və bu gün ölkəmizin əldə etdiyi uğurlar məhz bu partiyanın və onun qurucusu, Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində müstəqil, demokratik respublikamız sürətlə inkişaf edir və partiyanın nüfuzu gündən-günə artmaqdadır.
YAP şəhər təşkilatının yaranmasının 33-cü ildönümü və YAP şəhər təşkilatının işində fəal iştirak etdiklərinə görə 5 nəfər partiya fəalına Mikayıllı Rizvan Aslan oğlu, Əliyev Sahib Hümmət oğlu, Hüseynova Şəmsinur Vaqif qızı, Hüseynova Məlahət Şamil qızı, ,Seyidov Ruslan Ağamir oğlu Fəxri Fərmanla təltif olundular.
Yekunda İ.İsmayılov şəhərimizin ictimai-siyasi həyatında şəhər təşkilatının üzvlərinin fəal iştirak etdiklərini vurğulayaraq, təşkilatın yaranmasının 33-cü ildönümü ilə bağlı partiya üzvlərini təbrik edərək, uğurlar arzuladı.
Bununla da Konfrans öz işini başa vurdu.
Sonda xatirə şəkili çəkildi.