Qaynarxett.az xəbər verir ki, tədbirin rəsmi hissəsindən öncə Mərkəzin giriş zalında təşkil edilən foto və kitab sərgisinə baxış oldu. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhuna bir dəqiqəlik süküt elan edilir. Konfrans zamanı "Milli İradənin təcəssümü" adlı filmə baxış keçirildi.
Tədbiri giriş sözü ilə çıxış edən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov bildirib ki, ötən əsrin 80-ci illərinin axırlarında keçmiş SSRİ dövləti daxilində baş verən ictimai-siyasi proseslərdən istifadə edən ermənilər qondarma Dağlıq Qarabağ problemi adı altında Azərbaycana qarşı ərazi iddialarının növbəti mərhələsinə başladılar. O zamankı Azərbaycan rəhbərliyinin hadisələri düzgün qiymətləndirməməsi xalqımızın qəzəb və hiddətinin coşmasına gətirib çıxarırdı. Xalq ayağa qalxaraq konstitusiya hüquqlarının bərpa edilməsi tələbi ilə çıxış edirdi.
1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ rəhbəri tərəfindən fərman imzalansa da, bu fərman əhalidən gizlin saxlanıldı və Mixail Qorbaçovun göstərişi ilə və Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda misli görünməmiş vəhşiliklər edildi. Sovet ordusunun xüsusi təlim görmüş, qoşun hissələri 3 istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı amansız cinayətkarlıq aksiyaları törətdilər. Bu qanlı faciə Azərbaycanın Müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu. Qanlı Yanvar hadisələrinin ək-sədası bütün ölkəyə yayıldı. Hərbi müdaxilə Sovet İttifaqını bürüyən problemlərin öhdəsindən gələ bilməyən mərkəzin bacarıqsızlığını üzə çıxartdı.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək qeyd etdi ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri də haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Azərbaycan xalqının belə ağır vəziyyətində vəzifədən və siyasi hakimiyyətdən uzaqlaşdırılmış Ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Ulu Öndər Bakıda törədilən qanlı faciənin səbəblərini açıqladı, bu işin təşkilatçılarını cinayətkar adlandırdı və bu aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etdi.
1994-cü il yanvar ayının 29-da Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinin törədilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə qanlı 20 Yanvar hadisələrinin günahkarları aydınlaşdırıldı və ona hüquqi-siyasi qiymət verildi.
Konfransda Mərkəzin elmi işçisi Səbinə Kazımova, Mingəçevir şəhər Tarix Muzeyinin əməkdaşı Nahid Musayev, N.Nərimanov adına 1saylı tam orta məktəbin tarix müəllimi Fizuli Əhmədov, Texniki Humanitar Liseyin tarix müəllimi Zaur Kərimli məruzə ilə çıxış edərək bildirdilər ki, .Bu faciə xalqın azadlıq əzmini daha da gücləndirdi və müstəqilliyə aparan dönüş nöqtəsi oldu Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “20 Yanvar Şəhidləri”nin, eyni zamanda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsini həmişə uca tutur, şəhid ailələrinə öz qayğısını əsirgəmir, onların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görür. Tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur. Ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq biz bunun əyani nəticələrini görürük.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qəhrəmanlığı ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən antiterror əməliyyatlarında erməni seperatçıları tamamilə tərkisilah edildi və ölkəmizin suverenliyi tam bərpa olundu. Bu gün Qarabağ və Şərgi Zəngəzur iqtisadi rayonlarında işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Ölkə Prezidentinin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Tədbirə yekun sözü ilə çıxış edən Mərkəzin direktoru M.Həsənov konfrans iştrakçılarına öz minnətdarlığını bildirərək konfransı bağlı elan elədi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!





