backend

Azərbaycan-Serbiya: münasibətlər yeni mərhələdə

Dövlət başçısı İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri münasibətlərin gələcək inkişafı ilə bağlı yol xəritəsinin təqdimatı ilə tarixə yazıldı. Belə ki, həm Prezidentlərin görüşündə, həm də Strateji Tərəfdaşlıq Şurasının 1-ci islasında səsləndirilən fikirlər,  imzalanan sənədlər, enerji sektorunda əməkdaşlığın gələcək inkişafına xidmət edəcək addımlar özündə mühüm məqamları ehtiva etdi. Azərbaycan-Serbiya münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır. O da vurğulandı ki, Prezident Aleksandar Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyindən bəhs etdi. Serbiya  Prezidentinin qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu layihənin həyata keçirilməsində  Prezident Aleksandar  Vuçiçin xüsusi rolu var.
Dövlətimizin başçısının səfəri çərçivəsində mühüm əhəmiyyətli sənədlər imzalandı. Siyasi əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək, enerji, kənd təsərrüfatı kimi qarşılıqlı maraq doğuran ən mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Müxtəlif sahələr üzrə sənədlərin imzalanması Azərbaycan-Serbiya münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuata bəyanatında ölkəmiz, dövlətimizin başçısı İlham Əliyev haqqında söylədiyi xoş, səmimi fikirləri  ilə də  diqqətdə oldu. Azərbaycanın uğurlu inkişafından geniş bəhs edən Aleksandar Vuçiçin qeyd etdi ki, mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident İlham  Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm. Orada möhtəşəm muzeylər var. Bulvarlar, mehriban insanlar, təhlükəsizlik mümkün olan ən yüksək səviyyədədir. Beləliklə, bu, Serbiya vətəndaşlarına Azərbaycana səfər etmək üçün açıq bir dəvətdir. Mən Azərbaycan vətəndaşlarını Serbiyanı ziyarət etməyə, bu ölkəni sevməyə dəvət etmək istəyirəm. Serbiya Avropa qitəsində təhlükəsizliyi ən yüksək səviyyədə olan ölkələr sırasındadır. Bizim Azərbaycan xalqı ilə qardaş və dost münasibətlərimiz var. Aleksandar Vuçiçin bu müraciəti etdi: “Mən Azərbaycan xalqına, şəxsən Sizə möhtərəm cənab Prezident, böyük ehtiramımı ifadə etmək istəyirəm. Həmçinin Serbiya xalqı qarşısında və əlbəttə, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Buna görə hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm”.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri