backend

Quraqlıqdan necə xilas ola bilərik? – Türkiyəli alimlərdən maraqlı təklif

Quraqlığın gündəlik həyatı birbaşa təsir etməsi və su ehtiyatlarına təzyiqin artması ilə əlaqədar olaraq, dövlət və özəl binalarda yağış sularının yığılması və boz su sistemlərinin istifadəsi məcburi hala gəlib. Bu sistemlər suyun qənaətlə istifadəsi və quraqlığa qarşı effektiv həll yolu kimi önə çıxır.

Qaynarxett.az xəbər verir ki,  İstanbul Texniki Universitetinin Ətraf Mühit Mühəndisliyi kafedrasının müəllimi,Professor  Ayşegül Tanık bildirir ki, yağış suyunun toplanması yeni ideya deyil və eramızdan əvvəl də istifadə olunub.
“İstanbulda o dövrün əhalisi su çənlərində toplanan yağış suyundan şəhərin su ehtiyaclarını qarşılayırdı. Bu gün isə sistem modernləşdirilmiş formada tətbiq olunur və şəhərlərdə su idarəçiliyinin vacib bir hissəsinə çevrilib”, – deyə professor Tanık əlavə edib.
Sistemin iş prinsipi sadədir: yağış suları damlardan novlar vasitəsilə toplanır və binaya ən yaxın yeraltı çənlərdə saxlanılır. Bu yanaşma otellər, stadionlar, ticarət mərkəzləri, hava limanları, yaşayış və sənaye binalarında tətbiq oluna bilər.
Yağış suyunun istifadəsi
Professor Tanık izah edir ki, yeraltında toplanan yağış suyu əvvəlcə filtrasiya prosesindən keçir. Sonra onu tualet çənlərinin doldurulması, yaşıllıqların suvarılması və qapalı məkanların təmizlənməsi üçün istifadə etmək mümkündür. “Yağış suyu sənaye zonasının ortasında deyilsə, çirkli sayılmır. Filtrasiya vasitəsilə binanın içərisində asanlıqla istifadə edilə bilər”, – deyə o vurğulayıb.
Boz su sistemləri
Boz su məişət tullantılarının tualetdən ayrı toplanmış hissəsinə deyilir. Duş, vanna və mətbəx lavabolarından gələn su boz su hesab olunur və təmizləmə qurğularından keçdikdən sonra yalnız tualetlərdə təkrar istifadə olunur. Professor Tanık bildirir ki, bu sistemlər içməli suyun israfının qarşısını almağa imkan verir. “Tualet və sisternalarda yağış və boz su istifadə edildikdə, adambaşına 30% qənaət əldə etmək mümkündür. Bu da mövcud su ehtiyatlarımızın qorunmasına kömək edir”, – deyə o əlavə edib.
Türkiyədə 1 yanvar 2026-cı il tarixindən etibarən müəyyən ölçüdən yuxarı olan dövlət və özəl binalarda bu sistemlərin quraşdırılması məcburi olub. Quraqlıq reallığına qarşı belə tədbirlər su ehtiyatlarının davamlı idarə olunmasında əhəmiyyətli rol oynayır.