Qaynarxett.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə reallaşıb.
Konfransda çıxış edən AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verib.
Azərbaycan Gənc Oftalmoloqlarının Forumu akademik Zərifə Əliyeva adına Azərbaycan Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun dəstəyi ilə həyata keçirilib.
Elmar Qasımov çıxış edərək söyləyib ki, gənc oftalmoloqların beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mütəxəssislər kimi formalaşması, onların elmi və klinik təcrübəsinin zənginləşdirilməsi, yeni nəsil həkimlərin inkişafına şərait yaradılması bu istiqamətdə aparılan fəaliyyətin əsas prioritetlərindəndir. Oftalmologiyamızın gələcəyini təmsil edən gənc mütəxəssislər daim Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev, həmçinin kafedranın dosenti Səriyə Quliyeva professor Zəhra Quliyevanın həyatı, zəngin elmi irsindən bəhs ediblər.
Çıxışçılar qeyd ediblər ki, professor Zəhra Quliyeva uzun illər ərzində həm elmi, həm də klinik fəaliyyəti ilə oftalmologiyanın müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verib, yüzlərlə həkimin formalaşmasında böyük rol oynayıb, yüksək peşəkarlığı və müəllimlik məktəbi ilə yadda qalmış görkəmli alim, eyni zamanda, pedaqoq kimi xatırlanır.
AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri Mirana Mirişova açılış nitqi ilə çıxış edib.
Daha sonra Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü Ceyhun Nəzərliyə “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edilib.
Tədbirdə oftalmologiyanın müasir problemləri, innovativ cərrahi və diaqnostik metodlar, süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqi, müxtəlif klinik hallar və digər aktual mövzular məruzə edilib.
Bu il konfrans çərçivəsində ilk dəfə olaraq “Gənc Retina Mütəxəssislərinin Klubu” təşkil olunub.
Builki forumun əsas məqsədi süni intellektin müasir oftalmologiyada tətbiq imkanlarını gənc mütəxəssislərin diqqətinə çatdırmaq, klinik praktikada və elmi tədqiqatlarda bu texnologiyaların rolunu müzakirə etmək, eləcə də gənc oftalmoloqların peşəkar inkişafında innovativ yanaşmaların əhəmiyyətini vurğulamaqdır.
Forum çərçivəsində süni intellekt əsaslı diaqnostik alətlər, klinik qərarvermə dəstəyi sistemləri, teleoftalmologiya, eləcə də etik və hüquqi məsələlər ətrafında panel müzakirələr və interaktiv sessiyalar keçirilib.









