İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı dəyişən dünyanın enerji xəritəsində Azərbaycanın yerini, çəkisini və iradəsini nümayiş etdirən strateji baxış idi. Bu, həm də mürəkkəb geosiyasi şəraitdə praqmatik siyasətin, uzunmüddətli planlamanın və tərəfdaşlığa sadiqliyin təqdimatı idi.
Son on iki ildə dünya bir neçə dəfə sarsıldı – enerji böhranları, müharibələr, təchizat zəncirinin qırılması, siyasi qarşıdurmalar. Belə bir şəraitdə enerji təhlükəsizliyi artıq abstrakt anlayış deyil, dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Məhz buna görə də Bakıda keçirilən bu platforma sadəcə illik toplantı yox, enerji təhlükəsizliyi üzrə beynəlxalq dialoqun mühüm mərkəzinə çevrilib.
Azərbaycan bu gün 16 ölkəyə qaz ixrac edir. Boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən dövlət kimi ölkəmiz qlobal enerji bazarında özünəməxsus mövqeyə sahibdir. Bu, təsadüfi nəticə deyil. Bu, ardıcıl siyasətin, infrastruktur yatırımlarının və etibarlı tərəfdaş imicinin məntiqi nəticəsidir. Üstəlik, qaz təchizatının coğrafiyası artıq Avropa sərhədlərini aşaraq Suriyaya qədər uzanıb. 1,5 milyard kubmetr həcmində qazın Suriyaya nəqli yalnız iqtisadi addım deyil, həm də humanitar məsuliyyətin ifadəsidir – elektrik qıtlığından əziyyət çəkən bir ölkəyə real dəstəkdir.
Avropa istiqamətində isə yeni mərhələ başlanıb. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması ilə Avropa İttifaqının 10 üzv dövləti artıq ölkəmizlə enerji əməkdaşlığında iştirak edir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun açıq göstəricisidir. Lakin artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir və yeni hasilat mərhələləri – “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”un tammiqyaslı işlənməsi, “Ümid”in ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz”in yeni fazası – əlavə 10-15 milyard kubmetr qaz deməkdir. Bu isə yeni bazarlar, yeni interkonnektorlar və daha geniş qazpaylama şəbəkəsi tələb edir.
Ancaq Azərbaycanın enerji strategiyası yalnız qazla məhdudlaşmır. Yaşıl gündəlik artıq real layihələrə çevrilib. Regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının açılışı, 230 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi və icra mərhələsində olan digər layihələr göstərir ki, ölkə paralel olaraq bərpaolunan enerji potensialını sürətlə artırır. Bu layihələrdə xarici investorlarla yanaşı, SOCAR və yerli özəl sektorun iştirakı isə enerji transformasiyasının milli prioritetə çevrildiyini sübut edir.
2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etmək planı iddialı olmaqla yanaşı, real müqavilələrə əsaslanır. Bu enerji bir tərəfdən ixrac potensialı yaradacaq, digər tərəfdən daxili istehlakda təbii qazı əvəz edərək əlavə ixrac imkanları açacaq. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri və sənayenin artan tələbatı üçün möhkəm enerji bazası formalaşdırılacaq.
Azərbaycanın yanaşması ideoloji deyil, praqmatikdir. Qazıntı yanacaqları ilə bərpaolunan enerji arasında süni qarşıdurma yaratmadan, hər iki istiqaməti paralel inkişaf etdirmək xətti seçilib. İqlim dəyişikliyi reallıqdır, Xəzər dənizinin dayazlaşması göz önündədir. Lakin reallıq həm də ondan ibarətdir ki, qlobal iqtisadiyyat hələ uzun illər enerji balansında qaz və neftə ehtiyac duyacaq. Məhz buna görə balanslı siyasət əsasdır.
Eyni zamanda, Azərbaycan etibarlı tranzit ölkə kimi rolunu gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbuluna hazır infrastruktur, Türkiyədə və Serbiyada elektrik stansiyalarına yatırımlar, Aralıq və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq neftayırma potensialı – bütün bunlar ölkənin enerji zəncirinin müxtəlif həlqələrində mövcudluğunu genişləndirir.
Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil. O, enerji təhlükəsizliyinin memarlarından birinə çevrilir. İstehsalçı, tranzitçi və istehlakçı arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli artıq özünü doğruldub. On ildən artıqdır davam edən bu yol sübut edir ki, birlikdə müzakirə və ortaq maraqlar əsasında atılan addımlar ən çətin dövrlərdə belə dayanıqlılığı təmin edir.
Enerji xəritəsi yenidən cızılır. Bu xəritədə Azərbaycanın yeri isə artıq təsadüfi deyil – strateji seçimlərin, siyasi iradənin və gələcəyə hesablanmış baxışın nəticəsidir.
Elnarə Akimova
Milli Məclisin deputatı, YAP SiyasiŞurasının üzvü,
Filologiya elmləri doktoru
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət






