backend

Razi Nurullayev: “Hesabat var, amma cavabdehlik görünmür”

Deputat Razi Nurullayev Milli Məclisdə sərt mesaj verdi: “Milyonlarla manatlıq pozuntular statistikaya çevrilməməlidir”

Milli Məclisdə “Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı deputat Razi Nurullayev diqqətçəkən çıxış edib.

Deputat bildirib ki, 6,7 milyard manatlıq vəsaitin audit olunması nəticəsində yüz milyonlarla manatlıq pozuntu, maliyyə təhrifləri və səmərəsiz xərclərin aşkarlanması dövlət maliyyəsinin idarə olunmasında ciddi boşluqların olduğunu göstərir. Onun sözlərinə görə, 414,4 milyon manatlıq uyğunluq pozuntuları, 626,3 milyon manatlıq maliyyə təhrifləri və 342,9 milyon manatlıq səmərəsiz xərclər ciddi həyəcan siqnalıdır.

Razi Nurullayev xüsusilə vurğulayıb ki, 170,4 milyon manatın birbaşa büdcəyə zərər kimi qiymətləndirilməsi konkret məsuliyyət doğurmalıdır:
“Bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda göstəricilər var, amma konkret məsul şəxslər və hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur”.

Deputat əlavə edib ki, 40,2 milyon manatlıq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi müsbət addımdır, lakin bu prosesin davamlı və nəticəyönümlü olması vacibdir.

Çıxışda sosial sahə ilə bağlı məqamlara da toxunulub. Xüsusilə 28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı qərarın narahatlıq doğurduğu bildirilib. Deputat qeyd edib ki, vəsaitlərin bərpası istiqamətində konkret tədbirlərin görülməməsi və ödənişlərin dayandırılması qərarı sosial baxımdan mübahisəlidir və məsuliyyətin vətəndaşın üzərinə qoyulması təsiri yaradır.

Sonda deputat vurğulayıb ki, dövlət vəsaitlərinin daha səmərəli idarə olunması üçün şəffaflıq, real hesabatlılıq və fərdi məsuliyyət mexanizmləri gücləndirilməlidir. Onun fikrincə, növbəti illərdə əsas məqsəd təkcə pozuntuların aşkarlanması deyil, həm də konkret məsuliyyət və ictimaiyyətə təqdim olunan real nəticələrin təmin olunması olmalıdır.