backend

Razi Nurullayev: Dərin islahatlara və sahibkarlığa real dəstəyə ehtiyac var

Deputat Razi Nurullayev ölkədə iqtisadi və sosial vəziyyətlə bağlı diqqətçəkən paylaşım edib.

O bildirib ki, hazırda ölkədə iqtisadi və sosial sahədə yaranmış vəziyyət ciddi müzakirə mövzusuna çevrilib. Deputatın sözlərinə görə, sahibkarlıq mühiti əvvəlki illərlə müqayisədə daha çox çətinliklərlə üzləşir, kiçik və orta biznesin inkişafı üçün real stimul və dəstək mexanizmləri isə yetərli səviyyədə hiss olunmur.

Paylaşımda qeyd olunub ki, iqtisadi artım tempinin aybaay zəifləməsi narahatlıq doğuran əsas məqamlardan biridir. Ən düşündürücü məqam isə bu proseslər fonunda cəmiyyətə aydın və inandırıcı perspektivin təqdim olunmamasıdır: “Açıq desək, tunelin sonunda hələ ki, işıq görünmür.”

Deputat region ölkələri ilə müqayisəyə də toxunaraq vurğulayıb ki, bu gün Gürcüstan və Ermənistan iqtisadi dinamika və inkişaf templərinə görə daha çevik və nəticəyönümlü model ortaya qoyur.

Razi Nurullayev hesab edir ki, mövcud reallıq artıq kosmetik addımlarla kifayətlənməyə imkan vermir. Onun fikrincə, dərin struktur islahatlarına, real iqtisadi azadlıqlara və sahibkarlığa səmimi dəstəyə ciddi ehtiyac var. Əks halda, geriləmə tendensiyasının davam edəcəyi və sosial təsirlərin daha da ağırlaşacağı qaçılmazdır deyə deputat bildirib.