Deyirlər kadr siyasəti incə məsələdir. Elə incə ki, bəzən adam düşünür: bu siyasətin ipi haradan başlayır, harada qurtarır – bilən yoxdur. Amma bir həqiqət var ki, Azərbaycanda bəzi karyeralar var, onlar pillə-pillə yox, liftlə qalxır. Hətta bəzən lift də azlıq edir – birbaşa kranla qaldırılır.
Məsələn, götürək Sərxan müəllimin, yəni Sərxan Orucovun karyera yolunu. Adam əvvəl marketdə işləyib. Menecer köməkçisi, sonra menecer. Yəni sözün düzü, pomidorun kilosunu, kartofun qiymətini, kassanın hesabını yaxşı bilən adamdır. Bu da böyük təcrübədir. Axı su idarə etmək üçün ilk növbədə pomidor idarə etməyi bacarmaq lazımdır – elə deyilmi?
Bir gün nə baş verir? Marketin rəfləri, kassaları arxada qalır və Sərxan müəllim bir də baxır ki, artıq suyun başındadır. Sözün bütün mənalarında – suyun başında! Yasamal rayon sukanal idarəsinin rəisi.
İndi adam fikirləşir: görəsən bu karyera sıçrayışının sirri nədir? Bəlkə suyun kimyası üzrə dissertasiya yazıb? Bəlkə hidravlika üzrə beynəlxalq konfranslarda çıxış edib? Yox… deyəsən məsələ daha “axıcıdır”.
Deyilənə görə, bu axıcılıq qohumluq borularından keçir. İddialara görə, su təsərrüfatının yüksək vəzifəli şəxslərindən biri ilə qohumluq əlaqələri var. Həm xalası oğlu, həm də yeznə-qayın tərəfdən qohumluq. Belə çıxır ki, bu qohumluq elə güclüdür ki, suyun təzyiqindən də möhkəmdir.
Əlbəttə, bunlar hələ iddiadır. Amma xalq arasında belə bir deyim var: “Su axar, çuxurunu tapar.” Bizim halda isə su axıb birbaşa rəis kreslosunu tapıb.
İdarədə işləyənlərin dediyinə görə, yeni rəhbər sənədlərlə bir az “yaradıcı” işləyir. Məsələn, imza yerləri xüsusi izahla göstərilməsə, sənəd bir az çaşır. Bu da başa düşüləndir. Axı marketdə imza əsasən qaimədə olurdu, su təsərrüfatında isə sənəd bolluğudur.Kollektivlə münasibətlər də maraqlıdır. Gənc əməkdaşlar deyir ki, rəhbərlə işləmək bəzən su borusunda təzyiq ölçmək kimidir – birdən partlaya bilər.
Bir neçə gənc əməkdaş artıq işdən ayrılıb. Onların yerində isə pensiya yaşını çoxdan keçmiş 26 nəfər çalışır. Bu da çox humanist yanaşmadır. Axı su kimi təcrübəli kadrlara dəyər verilməlidir – xüsusilə də artıq qaynama nöqtəsinə çatmışlara.
Bir başqa maraqlı məqam da var. Deyilənə görə, rəhbərin diqqəti əsasən qadın əməkdaşların işinə yönəlir. Görünür, bu da yeni idarəetmə modelidir. Bəlkə də Sərxan müəllim su təsərrüfatında “gender balansını” təmin etməyə çalışır. Əlbəttə, bunu da zaman göstərəcək.
İdarədə rüşvət iddiaları barədə də söz-söhbətlər gəzir. Amma bu mövzuda hökm vermək düzgün olmaz. Çünki rüşvət də su kimidir – görünməz axınlarla hərəkət edir və bəzən mənbəyini tapmaq çətin olur.
Əsas sual isə başqa yerdədir.
Dövlət səviyyəsində şəffaflıqdan, peşəkarlıqdan, kadr islahatlarından danışıldığı bir vaxtda yerlərdə hansı meyarlar işləyir?
Market meneceri birdən-birə su təsərrüfatının rəhbəri olursa, bu karyera inkişafıdır, yoxsa qohumluq hidravlikası?
Əgər belə davam etsə, yaxın gələcəkdə başqa maraqlı təyinatlar da görə bilərik. Məsələn:
- Bərbər – Energetika Nazirliyinə, çünki elektrik də “kəsilir”.
- Aşpaz – Maliyyə sisteminə, çünki büdcə də “bişirilir”.
- Market meneceri – su idarəsinə, çünki su da “satılan” məhsuldur.
Biz isə ümid edək ki, məsələ araşdırılacaq. Çünki su təsərrüfatı elə sahədir ki, burada hər şey şəffaf olmalıdır.
Yoxsa birdən xalq deyər:
“Su təmizdir, amma borular bir az… qohumluqdan tutulub.”
Davamı olacaq...
Qaynarxett.az











