Bu kontekstdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı mesajlar da mühüm əhəmiyyət daşıyır. Çünki institusional mexanizmlər olmadan strateji tərəfdaşlıqların davamlı inkişafı çətin olur. Bu komissiyanın fəallaşması iqtisadi və siyasi əməkdaşlığın sistemli xarakter almasına xidmət edə bilər. Burada xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın münasibətlərə daha geniş geosiyasi və iqtisadi prizma ilə yanaşmasıdır. Bu, klassik ikitərəfli diplomatiyadan daha çox qarşılıqlı maraqlar üzərində qurulan strateji tərəfdaşlıq modelidir. Azərbaycanın son illərdə müxtəlif Avropa ölkələri ilə məhz bu model əsasında münasibətlər qurması ölkənin artan beynəlxalq rolunu da nümayiş etdirir. Çexiya ilə əməkdaşlıqda diqqət çəkən başqa bir mühüm istiqamət sənaye və texnoloji potensialların uzlaşdırılması imkanlarıdır. Bu, xüsusilə qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasəti və istehsal kooperasiyası baxımından əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatının diversifikasiyası strategiyası fonunda bu cür tərəfdaşlıqlar əlavə imkanlar yaradır. Beləliklə, Çexiya Baş nazirinin Azərbaycana səfəri göstərdi ki, iki ölkə arasında əməkdaşlıq yalnız enerji və siyasətlə məhdudlaşmır. Bu münasibətlər artıq daha geniş iqtisadi, institusional və geosiyasi məzmun qazanaraq yeni mərhələyə daxil olur.
Bəxtiyar Mustafayev
YAP Mingəçevir şəhər təşkilatının sədri







