backend

“Azərbaycan regional sabitlik və əməkdaşlığın əsas dayağına çevrilir” - Deputat

Azərbaycanın xarici siyasət kursu keyfiyyətcə yeni bir mərhələyə yüksəlib. Rəsmi Bakı ardıcıl şəkildə Avropanın bir sıra ölkələrinin yüksək səviyyəli nümayəndələrini qəbul edir. Latviya və Ukrayna prezidentlərinin, Litva və Çexiya baş nazirlərinin, eləcə də digər dövlət rəsmilərinin Azərbaycana həyata keçirdiyi səfərlər artıq sadəcə diplomatik fəallıq kimi deyil, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin və nüfuzunun açıq göstəricisi kimi dəyərləndirilir.

Milli Məclisin deputatı Fariz İsmayılzadə Qaynarxett.az-a açıqlama verərək bildirib ki, son dövrlərdə bir neçə Avropa ölkəsinin – Latviyanın prezidenti, Ukraynanın prezidenti, Litvanın baş naziri, Çexiyanın baş naziri və İtaliyanın baş naziri (gözlənilən səfər) Azərbaycana yüksək səviyyəli səfərlər həyata keçirib.

Bu səfərlər bir daha göstərir ki, Azərbaycan həm regionda, həm də daha geniş Avrasiya məkanında mühüm və strateji əhəmiyyətə malik rol oynayır. Xüsusilə logistika, enerji təhlükəsizliyi və enerji təchizatı sahələrində ölkəmizin rolu gündən-günə artır. Müasir geosiyasi vəziyyəti nəzərə alsaq, şimalda və cənubda davam edən münaqişələr fonunda Azərbaycanın tranzit potensialı, eləcə də Orta Asiya və Çinlə bağlantıları daha da strateji əhəmiyyət qazanır.

Eyni zamanda, bu səfərlər yalnız ənənəvi əməkdaşlıq sahələri ilə məhdudlaşmır. Artıq yeni istiqamətlər – birgə istehsalat, müəssisələrin alqı-satqısı və yeni birgə müəssisələrin yaradılması kimi sahələr də gündəmə gəlir. Xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq böyük potensial kimi qiymətləndirilir və bu istiqamətdə Avropa investisiyalarının cəlb olunması imkanları mövcuddur.

Azərbaycan etibarlı və sabit tərəfdaş kimi çıxış edir. Ölkədə mövcud olan siyasi sabitlik və iqtisadi imkanlar əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli şərait yaradır. Bütün bu proseslər həm Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, həm də ölkə rəhbərliyinin etibarlı və dəyərli siyasi xadim kimi yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.