backend

Deputat: Çexiya ilə tərəfdaşlıq Azərbaycanın Avropadakı mövqeyini gücləndirir

Azərbaycan–Çexiya münasibətləri bu gün kifayət qədər dinamik və çoxşaxəli xarakter daşıyır. İlham Əliyev və Andrej Babiš kimi yüksək səviyyəli rəsmilərin iştirakı ilə keçirilən biznes-forumlar da göstərir ki, əlaqələr artıq yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, real iqtisadi və humanitar əməkdaşlıq müstəvisinə keçib.

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov görüşlə bağlı Qaynarxett.az-a açıqlama verərək bildirib ki,ikitərəfli münasibətlər bir neçə əsas istiqamətdə inkişaf edir. İqtisadi sahədə enerji, sənaye, kənd təsərrüfatı və investisiya əməkdaşlığı diqqət çəkir. Çexiya Azərbaycanın enerji sektoruna maraq göstərir, Azərbaycan isə Avropada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Təhsil sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanlı tələbələrin Çexiyada təhsil alması iki ölkə arasında humanitar körpü yaradır, gələcəkdə peşəkar və institusional əlaqələrin daha da güclənməsinə zəmin hazırlayır.

Turizm istiqaməti də xüsusi önəm daşıyır. Azərbaycanlı turistlər Çexiya Respublikasına səfər edir, eyni zamanda çex turistlərin Azərbaycana marağı artır. Birbaşa uçuşların mövcudluğu bu prosesə əlavə stimul verir və qarşılıqlı səfərləri daha əlçatan edir.

Çexiya Baş nazirinin Azərbaycana səfəri isə təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, etibarlı tərəfdaş imicinin və balanslı xarici siyasət kursunun nəticəsidir. Azərbaycan bu gün həm Şərq, həm də Qərb üçün önəmli tərəfdaş kimi çıxış edir.

Gələcək perspektivlərə gəldikdə isə, əlaqələrin daha da genişlənməsi üçün ciddi potensial mövcuddur. Xüsusilə yaşıl enerji, innovasiya, rəqəmsal texnologiyalar və turizm sahələrində əməkdaşlığın dərinləşməsi gözlənilir. Bu isə Azərbaycan–Çexiya münasibətlərini dahada gücləndirir.