backend

Azərbaycan qlobal dialoq platforması kimi qəbul olunur… – Deputat

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Bizimyol.infoxəbər portalına Volodimir Zelenskinin Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycandə keçirilməsini təklifini şərh edib.
Millət vəkili qeyd edib ki, bu məsələ ətrafında səslənən fikirlər Azərbaycanın artan diplomatik çəkisinin və regional etimad kapitalının göstəricisidir
“Həm Vladimir Cabarov tərəfindən verilən açıqlama, həm də Volodimir Zelenski tərəfindən irəli sürülən təşəbbüs göstərir ki, Azərbaycan artıq təkcə regionda deyil, daha geniş geosiyasi müstəvidə etibarlı tərəfdaş və potensial dialoq platforması kimi qəbul olunur”, – deyə deputat bildirib.
MCP başqanı hesab edir ki, Azərbaycanın bu cür danışıqlar üçün məkan kimi təklif edilməsi təsadüfi deyil: 
“Ölkə son illərdə balanslı və praqmatik xarici siyasət yürüdərək həm Qərb, həm Rusiya, həm də region ölkələri ilə işlək münasibətlər qurmağı bacarıb. Məhz bu balans Azərbaycanı emosional deyil, rasional və nəticəyönümlü diplomatiya aparan aktor kimi fərqləndirir və bu da vasitəçilik üçün əsas şərtlərdən biridir.
Vasitəçi olmaq təkcə coğrafi məkan təqdim etmək deyil. Bu, ciddi siyasi iradə, neytrallıq, etimad və təhlükəsizlik təminatları tələb edən mürəkkəb prosesdir. Azərbaycan müəyyən platformalar təqdim etmək təcrübəsinə malikdir və beynəlxalq tədbirlərin təşkili baxımından özünü dəfələrlə sübut edib”. 

Paralamentarinin xüsusi vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsi kimi həssas və çoxqatlı bir məsələdə real vasitəçi roluna yüksəlmək üçün tərəflərin açıq və davamlı etimadı həlledici amildir:
“Əgər tərəflər doğrudan da Bakını və ya Azərbaycanın digər şəhərlərini neytral və təhlükəsiz məkan kimi qəbul edərlərsə, bu, ölkəmiz üçün həm siyasi, həm də imic baxımından mühüm dividentlər vəd edir. Bununla yanaşı, Azərbaycan bu prosesdə maksimum ehtiyatlı davranmalı, balanslı mövqeyini qorumalı və heç bir tərəfin maraqlarının aləti kimi görünməməlidir”.
Belə bir imkan yaranarsa, bu, Azərbaycanın diplomatik potensialının tanınması deməkdir, deyən deputat əlavə edib ki, amma real vasitəçiyə çevrilmək prosesin gedişindən, tərəflərin iradəsindən və ən əsası qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.