Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Sosdem.az-a açıqlamasında Azərbaycan-Çexiya münasibətlərinin perspektivlərini şərh edərkən deyib.
Millət vəkili əməkdaşlığın bir neçə həlledici istiqamətini xüsusi vurğulayıb:
“Azərbaycan bu gün Avropa İttifaqı üçün ən etibarlı enerji tərəfdaşıdır. Ölkəmizdən ixrac olunan qazın 16 ölkəyə çatması və onlardan 10-nun məhz Aİ üzvü olması Bakının qitənin enerji təhlükəsizliyindəki strateji rolunun təsdiqidir. Çexiya ilə münasibətlərdə enerji ixracı ilə yanaşı, qeyri-neft sektorunun, xüsusən də ticarət strukturunun tarazlaşdırılması əsas hədəfdir. Praqadan gələn böyük biznes nümayəndə heyəti bu sahədə yeni investisiyalar üçün mühüm zəmin yaradır.”
“Çexiya ilə müdafiə sənayesi sahəsində qurulan uğurlu əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur. Hərbi təyinatlı məhsulların sadə alışından birgə istehsala keçidlə bağlı konkret layihələrin müzakirəsi dövlətçilik maraqlarımız baxımından böyük uğurdur. Azərbaycanın öz müdafiə potensialını yerli istehsal hesabına təmin etmək strategiyası Çexiya kimi yüksək texnologiyalı ölkələrlə işbirliyi sayəsində daha da güclənəcək. Bu əlaqələr həm regional sabitlik, həm də ikitərəfli iqtisadi rifah üçün geniş qapılar açır”.





