backend

Media azadlığı qorunmalıdır, amma bu azadlıq cəmiyyətin mənəvi sərhədlərini aşmamalıdır

Açıq demək lazımdır ki, son dövrlərdə bəzi televiziya verilişləri artıq maarifləndirici və ictimai faydalı olmaqdan çıxaraq, daha çox sensasiya, şəxsi həyatların ifşası və aşağı səviyyəli müzakirələr üzərində qurulurdu. Bu isə həm ictimai zövqə, həm də milli-mənəvi dəyərlərimizə mənfi təsir göstərirdi. Bu baxımdan, belə verilişlərin yayımının dayandırılması müəyyən mənada başadüşüləndir.
Bu sözləri  açıqlamasında millət vəkili Razi Nurullayev bildirib. O qeyd edib ki, media yalnız reytinq xatirinə cəmiyyətin dəyərlərini zədələməməlidir: “Xüsusilə də televiziya kimi geniş auditoriyaya təsir edən platformalarda məsuliyyət daha böyükdür.
Amma hesab edirəm ki, məsələni yalnız “bağlamaq” prizmasından yanaşmaq tam doğru deyil. Əsas məsələ keyfiyyət və məzmundur. Əgər həmin verilişlər sağlam məcraya yönəldilə, etik çərçivəyə salına və maarifləndirici formata keçirilə bilirdisə, onların fəaliyyətini davam etdirməsi daha məqsədəuyğun olardı. Burada əsas prinsip belə olmalıdır: senzura yox, məsuliyyətli azadlıq. Media azadlığı qorunmalıdır, amma bu azadlıq cəmiyyətin mənəvi sərhədlərini aşmamalıdır”.
Deputat əlavə edib ki, bəzi hallarda bağlanma qaçılmaz ola bilər: “Amma uzunmüddətli həll yolu məhz keyfiyyətli kontentin təşviqi, peşəkar jurnalistikanın gücləndirilməsi və etik standartların ciddi tətbiqidir. Əgər bu istiqamətdə sistemli iş aparılsa, həm media azadlığı qorunar, həm də cəmiyyət zərərli təsirlərdən müdafiə olunar”.