Nikol Paşinyanın martın 11-də Avropa Parlamentində etdiyi çıxış, hay kilsəsinin mahiyyətinə toxunması, cənab İlham Əliyevə təşəkkür etməsi, daha sonra brifinqdə bu fikirləri təkrarlaması və martın 13-dəki canlı “Facebook” çıxışında Ermənistanın Müstəqillik Bəyannaməsinin “münaqişə məntiqi” üzərində qurulduğunu etiraf etməsi ölkə daxilində ciddi narazılıq yaradıb.
Paşinyanın bu açıqlamaları xüsusilə Rusiyaya bağlı siyasi dairələr tərəfindən kəskin qarşılanıb. Onların arasında ən sərt reaksiya verən isə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan olub. Bu isə təsadüfi deyil.1998-ci ildə siyasi səhnədən kənarlaşdırılan, lakin İkinci Qarabağ müharibəsindən sonra yenidən aktuallaşdırılan Ter-Petrosyanın adı son illərdə daha çox çəkilir. Xüsusilə 2020-ci il noyabrın 12-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdən sonra onun aktivləşməsi diqqət çəkir.
Müşahidələr göstərir ki, Moskva hazırda Ter-Petrosyanı əsas siyasi fiqur kimi önə çəkməyə çalışır. Onun rəhbərlik etdiyi siyasi çevrələrin son fəaliyyəti, o cümlədən partiya qurultayı və sosial şəbəkə paylaşımları da bu ehtimalları gücləndirir.
Ter-Petrosyan açıq şəkildə bildirir ki, məqsəd narazı elektoratı birləşdirərək Paşinyana qarşı siyasi təzyiq yaratmaqdır. Bu kontekstdə Samvel Karapetyanın adı da ön plana çıxır.
Diqqət çəkən digər məqam isə onun Ermənistanın “təbii müttəfiqləri” kimi Rusiya, Gürcüstan və İranı göstərməsidir. Xüsusilə Gürcüstanın bu siyahıda yer alması ciddi suallar doğurur. Tarix isə unudulmur.
Bu proseslər regionda yeni siyasi konfiqurasiyanın formalaşdığını və Ermənistanda daxili qarşıdurmanın daha da dərinləşə biləcəyini göstərir.
Sahib Alıyev
Milli Məclisin deputatı







