backend

“Tanrının məbədini qorumaq lazımdır” – Qonşularımız Qafqaz Albaniyasını necə erməniləşdirirlər?

Mehriban simalar, israrla nahara dəvət, yolda yeməyə isti təndir çörəyi…
Dağıstanın Nüqdi kəndinin yerli azərbaycanlı ailəsi Müqəddəs Qriqoris kilsəsini ziyarət etmək üçün oraya getmiş alimləri “qafqazlısayaq” qonaqpərvərliklə qarşılayıb. Vaxtilə yəhudilərin yaşadığı yer olan Nüqdi kəndində hazırda, əsasən, azərbaycanlılar yaşayır. Onların müsəlman olmalarına rəğmən, bu Xristian dini ziyarətgahını qoruyub saxlayırlar. Azərbaycanlı ailələr tam səmimiyyətlə əmindirlər ki, “Tanrının məbədini qorumaq lazımdır”.
Onlar Dərbənddə “Qafqaz Albaniyasında dövlət dini kimi xristianlığın qəbulunun 1700 illiyi” mövzusunda ümumrusiya elmi-təcrübi konfransının qonaqlarına kilsənin açarını böyük lütfkarlıqla təqdim ediblər.
2013-cü ildə təşkil edilmiş bu konfrans zamanı alimlər Xristian memarlığına məxsus abidənin həqiqətən kimə mənsub olduğunu yerində görmək istəyirdilər. Çünki konfransın erməni iştirakçıları həmin abidəyə iddia irəli sürmüşdülər. Ermənilərin iddiasına görə, Dağıstanda xristianlığın tarixi qədim zamanlardan erməni kilsəsinin fəaliyyəti ilə bağlıdır. Guya məhz erməni rəhbərlər bu ərazilərdə xristianlığın yayılmasında həlledici rol oynayıblar. Dağıstanda erməni kilsəsinin qədim ocağı kimi isə onlar məhz Nüqdi (Molla Xəlil) kəndindəki məbədi misal göstərirlər. Guya o, IV əsrdə Maarifpərvər Qriqorinin nəvəsi müqəddəs Qriqorisin öldürüldüyü yerdə tikilib.

QEYD EDƏK Kİ, IV ƏSRİN 30-CU İLLƏRİNDƏ QRİQORİS ALBAN HÖKMDARLARININ XAHİŞİ İLƏ İVERİYA VƏ ALBANİYA YEPİSKOPU ELAN EDİLİB. ALBANİYAYA GƏLƏN YEPİSKOP QRİQORİS “İNSANLARI KEŞİŞLİYƏ QƏBUL EDİR, ONLARI MÜQƏDDƏSLƏRƏ XİDMƏT ETMƏYƏ İNANDIRIR VƏ APOSTOL HƏQİQƏTİNƏ SEVGİSİNİN ATƏŞİNDƏ YANIRDI”. 337-Cİ (YAXUD 338-Cİ) İLDƏ YEPİSKOP QRİQORİS HUNLARIN MASKUT ÇARI SENESAN (SANATRUK) TƏRƏFİNDƏN QƏTLƏ YETİRİLİB. XƏZƏR DƏNİZİNİN QƏRB SAHİLLƏRİNDƏ (DAĞISTANDAN ABŞERONADƏK VƏ DAHA CƏNUBADƏK) YAŞAYAN MASKUTLAR (MAŞKUTLAR, MASSAGETLƏR) DÖYÜŞKƏN XALQ OLUB VƏ ANTİK DÜNYANI QORXU ALTINDA SAXLAYIBLAR. BAKI ƏTRAFINDA YERLƏŞƏN MAŞTAĞA KƏNDİNİN İNDİKİ ADI DA MƏHZ MAŞ(S)KUTLARIN QÜDRƏTİNDƏN QALAN XATİRƏDİR.Qədim mənbələrdə maskutların hun xalqı olduğu xüsusi vurğalanır. Onların döyüşçüləri mükəmməl döyüş qabiliyyətinə malik əla atlı olublar. Yəni türk xalqı olan maskutlar qədimdən Qafqazda geniş əraziyə malik idilər. Onlar müqəddəs Qriqorisi atın quyruğuna bağlayaraq öldürüblər. Qeyd edək ki, bu, türklər arasında qədim zamanlarda geniş yayılmış edam vasitəsi idi.
Maraqlıdır ki, Qriqorisin ölümü ilə bağlı erməni tərəfi qədim erməni mənbələrinə istinad edərək qədimdən həmin regionda yaşamış hun-maskutların türkəsilli olduğunu nədənsə “görmürlər”. Biz isə yenidən bilavasitə Müqəddəs Qriqoris məbədinə qayıdaq.
Erməni mənbələrinə, o cümlədən “Hayazq” fonudunun ensiklopediyasına inansaq, əvvəllər bu yerdə “337-ci ildə tikilmiş Müqəddəs Qriqoris kiçik kilsəsi olub və rəvayətə görə, o, gənc Qriqorisin öldürüldüyü yerdə ucaldılıb”. Dərbənddə keçirilən konfransın erməni iştirakçılarının versiyasına əsasən, sonralar – XIX-XX əsrlərdə həmin kilsə dəfələrlə bərpa olunub. Amma bu gün Nüqdi kəndindəki Müqəddəs Qriqoris kiçik kilsəsi ilə bağlı ilk yazılı məlumatlar erməni publisist Rostob bəy Yerzinkyanın onu ziyarətə gəldiyi 1857-ci ilə təsadüf edir. Bu məkan həmişə həm xristianlar, həm də müsəlmanlar üçün müqəddəs yer sayılıb. Onun yerində nə vaxtsa erməni kilsəsinin olduğuna dair heç bir informasiya yoxdur.
Dərbənd konfransı sırasında bu sətirlərin müəllifinin də olduğu iştirakçılar özləri də kilsədə heç bir qədim izlər və ya onun deyiləndən daha əvvəl inşa olunduğunu göstərən əlamətlər aşkarlaya bilməyiblər. Bununla yanaşı, məlum olub ki, mərhum azərbaycanlı Kamil Qüdrətovun sayəsində kilsənin XIX əsrin sonlarında bərpa olunduğuna dair məlumatın yazıldığı xatirə daşı indiyədək qorunub saxlanılıb. İndi isə ermənilər bu kilsəni bərpa edərək onu VI əsr tikilisi kimi qələmə verməyə çalışırlar. Qeyd edək ki, XX əsrin əvvəllərində bu kilsə ya yenidən bərpa edilib, ya da ermənilər onu tikib qurtarmağa cəhd göstəriblər. Bir neçə il əvvəl isə Müqəddəs Qriqoris kilsəsinin növbəti dəfə bərpasına və tikintisinə başlanılıb və bərpa işləri bu gün də davam etdirilir.

BELƏCƏ BƏLLİ OLUR Kİ, XIX ƏSRDƏN ALBAN KİLSƏLƏRİNİN KÜTLƏVİ ŞƏKİLDƏ ERMƏNİLƏŞDİRİLMƏSİ PROSESİNƏ BAŞLANILIB. BU PROSES HAZIRDA AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI ƏRAZİLƏRİNDƏ DƏ APARILIR. ALBAN SİVİLİZASİYASININ ABİDƏSİ OLAN “QANDZASAR MONASTIR KOMPLEKSİ” ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL OLUNMUŞ QARABAĞDAKI ÇOXSAYLI DİGƏR MƏBƏDLƏR KİMİ, DƏYİŞİKLİKLƏRƏ MƏRUZ QALIB, HƏMİN ABİDƏLƏRDƏ YENİDƏNQURMA VƏ “BƏRPA İŞLƏRİ” APARILIB. MƏQSƏD İSƏ YALNIZ ONLARIN ERMƏNİLƏŞDİRİLMƏSİDİR. XOŞBƏXTLİKDƏN QƏDİM ƏLYAZMALAR, TƏDQİQAT NƏTİCƏLƏRİ VƏ KİTABLAR BU GÜN DƏ QALMAQDADIR. ONLARIN HAMISI QANDZASARIN İLKİN DURUMUNU VƏ TƏYİNATINI ÜZƏ ÇIXARMAĞA İMKAN VERİR. MƏSƏLƏN, AKADEMİK İ.ORBELİNİN ELMİ ARAŞDIRMALARINDA (1887-1961), YEPİSKOP MAKAR BARXUDARYANSIN ƏSƏRLƏRİNDƏ (1887-1961) ÇOXLU SAYDA FAKTOLOJİ MATERİAL TOPLANIB. BU MƏNBƏLƏR MƏBƏDLƏRDƏ, KİTABƏLƏRDƏ VƏ QƏBİRÜSTÜ EPİTAFİYALARINDA ERMƏNİLƏŞDİRİLMƏ APARILANADƏK OLAN VƏZİYYƏTİ DƏQİQLİKLƏ GÖSTƏRİR. BU, DƏRBƏNDDƏ KEÇİRİLƏN KONFRANSIN AZƏRBAYCANLI İŞTİRAKÇILARININ ÇIXIŞLARINDA DA VURĞULANIB.
Xatırladaq ki, Qafqaz Albaniyasının dövlət dini kimi Xristianlığın qəbulunun 1700 illiyi ilk dəfə 2013-cü ildə Azərbaycanda – Qəbələ rayonunun Nic kəndində qeyd olunub. Bu tarixin seçilməsi heç də təsadüf deyil. Bəzi mənbələrə görə, Alban çarı Urnayr Alban knyazları və ordusu ilə birlikdə məhz 313-cü ildə Müqəddəs Qriqori tərəfindən xaç suyuna salınıblar. Bütün Qafqaz Albaniyasında olduğu kimi, Dərbənddə də xristianlaşma I əsrin ortalarında yayılıb. V-VII əsrlərdə isə Dərbənd Şərqi Qafqazın əsas xristianlıq mərkəzlərindən biri kimi çıxış edib. Orta əsrlərin alban müəllifi Moisey Kalankatuyskinin məlumatına görə, Alban kilsəsi patriarxlarının iqamətgahı məhz burada yerləşib.
Erməni məruzəçilərin Dağıstanın qədim xristianlıq irsinin erməni kilsəsinə məxsusluğu haqda iddiaları isə konfrans iştirakçıları arasında qızğın müzakirələrə səbəb olub. Dağıstan elm ictimaiyyətinin nümayəndələri erməni tərəfinin bu iddialarını birmənalı şəkildə rədd edərək Dağıstanda və bütün Qafqazda xristianlıq tarixinin Alban kilsəsi ilə, Qafqaz Albaniyası və qədimdən orada yaşayan xalqlarla birbaşa bağlı olduğunu göstəriblər.
Elə 2013-cü ildə keçirilən Dərbəd konfransının diskussiyaları zamanı Azərbaycandan olan nümayəndə heyətinin üzvləri Qafqaz Albaniyası irsinin Qafqazın bütün xalqlarının ümumi mədəni-tarixi xəzinəsi olduğunu bildirib, onu “millətlər arasında bölməyin”, bununla da, xalqlar arasında münaqişələrə yol açmağın mənasız olduğunu qeyd ediblər. Sonda Azərbaycan tərəfinin bu mövqeyi konfrans təşkilatçıları və diskussiya iştirakçıları tərəfindən də dəstəklənib. Onlar Qafqaz Albaniyası irsinin hər hansı bir ölkə tərəfindən “milliləşdirilməsi” cəhdlərinin faydasızlığını və təhlükəli olduğunu etiraf ediblər.
Müəllif: Rizvan Hüseynov
Busaat.az