backend

Prezident Kitabxanası ilə NDU Elmi Kitabxanası arasında onlayn əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ilə Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası arasında onlayn əməkdaşlıq görüşü keçirilib.

Qaynarxett.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova görüşün əhəmiyyətini yüksək qiymətləndirərək gələcək əməkdaşlıq perspektivlərindən danışıb. O, kitabxanalar arasında əlaqələrin genişləndirilməsinin elmi informasiya mübadiləsinə mühüm töhfə verəcəyini bildirib.

Daha sonra Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, dosent Xumar Məmmədova təqdimatla çıxış edərək rəhbərlik etdiyi kitabxanada yaradılan elektron mühit, beynəlxalq elektron bazalara çıxış imkanları, kitab fondları, eləcə də yerli və beynəlxalq əməkdaşlıqlar barədə ətraflı məlumat verib.

Görüş zamanı Prezident Kitabxanasının əməkdaşları da çıxış edərək kitabxananın fondları, şöbələri və rəqəmsallaşma istiqamətində görülən işlər barədə təqdimatlar ediblər.

Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib. Görüşün sonunda əməkdaşlıq çərçivəsində ənənəvi və elektron kitabların mübadiləsi, həmçinin yaxın gələcəkdə birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub.