Səfər zamanı deputat seçicilərlə birbaşa ünsiyyət quraraq onların gündəlik problemlərini və qayğılarını dinləyib. Görüşlər zamanı vətəndaşların əsas gözləntisinin sadəcə dinlənilmək deyil, real və effektiv həll yollarının tapılması olduğu aydın hiss olunub.
Fermerlərlə keçirilən görüşlərdə kənd təsərrüfatı sahəsində mövcud çətinliklər xüsusi diqqət mərkəzində olub. Suvarma problemləri, məhsulun satışında yaşanan çətinliklər və artan istehsal xərcləri sakinlərin ən çox narahatlıq doğuran məsələləri kimi qeyd edilib.
Deputat səfər çərçivəsində yas məclislərində də iştirak edib, vətəndaşların dərdinə şərik olub. Bu görüşlərdə də sosial vəziyyət, işsizlik və sosial təminatla bağlı problemlər açıq şəkildə ifadə olunub. Qeyd edilib ki, insanlar dövlətə inanır, lakin mövcud problemlərin həllində daha konkret addımlar gözləyirlər.
Səfərin yekununda vurğulanıb ki, İmişli rayonunda mövcud problemlər sistemli yanaşma tələb edir. Bildirilib ki, səsləndirilən məsələlər diqqətdə saxlanılacaq və aidiyyəti qurumlar qarşısında qaldırılacaq. Deputat öz növbəsində bu problemlərin həlli istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirəcəyini qeyd edib.











