Bu gün dövlətimizin qarşısında dayanan əsas məsələ işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, o cümlədən keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. Bu məqsədlər üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılmasına baxmayaraq, ölkənin digər regionlarında da nəzərdə tutulmuş proqramlar uğurla davam etdirilir. Bu gün Azərbaycanın bütün regionları özünün tarazlı inkişaf dövrünü yaşayır.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.
O bildirib ki, bu gün sürətlə inkişaf edən regionlarımızdan biri də Şamaxı rayonudur. Prezident İlham Əliyevin Şamaxı rayonuna son səfəri regionların sosial-iqtisadi inkişafı siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Açılışı həyata keçirilən "Şirvan Aqro" heyvandarlıq kompleksi və müasir lisey binası, eyni zamanda, turizm potensialının önə çəkilməsi bu bölgənin kompleks inkişaf modelinin formalaşdırıldığını təsdiqləyir.
Ölkənin aqrar sektorunun inkişaf etdirilməsi ilə daxili tələbatın özünütəminə keçirilməsi və ərzaq təhlükəsizliyi dövlət siyasətinin prioritetidir. Bu gün ölkədə məşğul əhalinin 35–40 faizi aqrar sahədə çalışır. Aqrar sektorun yeni texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi potensialı çox böyükdür və bu istiqamətdə hədəflərə nail olunması üçün kompleks işlər davam etdirilir. Dövlətimizin başçısının Şamaxıda açılışını etdiyi heyvandarlıq kompleksi bu istiqamətdə göstəricilərin keyfiyyətcə yaxşılaşmasına yönəlib. Kompleksdə ilkin mərhələdə 200 daimi iş yeri yaradılıb və dolayısı ilə yaradılan iş yerlərinin sayı 300-dən çox olacaq. Təbii ki, bu kompleks, ilk növbədə, Şamaxının kənd təsərrüfatı potensialını 20 faizə qədər artıracaq və rayonda məşğulluq məsələlərinin həllinə töhfə verəcək.
"Ölkədə təhsil müəssisələrinin yenidən qurulması və bərpası prosesi sürətlə davam etdirilir. Son 20 ildə ölkəmizdə 3500-dən çox təhsil müəssisəsi yenidən qurulub və bərpa olunub, müəllimlərin işləməsi və şagirdlərin təhsil alması üçün müasir şərait yaradılıb. Bu prosesdə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da yaxından iştirak edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə 500-dən çox məktəb binası yenidən qurularaq istifadəyə verilib. O cümlədən Şamaxıda istifadəyə verilən 1200 şagird yerlik Şamaxı Avropa liseyi məktəb binasının yenidən qurularaq bərpa edilməsi nəinki Şamaxının, həm də ətraf rayonların şagirdlərinin müasir şəraitdə biliklərə yiyələnməsində əhəmiyyətli rol oynayacaq", - deyə A.Badamov vurğulayıb.
Deputatın sözlərinə görə, Şamaxı böyük turizm potensialına malik rayondur. Bu rayonun paytaxta yaxın olması, həm də yolların müasir şəkildə yenidən qurulması, o cümlədən müasir turizm mərkəzlərinin, mehmanxanaların istifadəyə verilməsi buraya səfər edən turistlərin sayında kəskin artıma səbəb olub. Belə ki, son 5 ildə bölgəyə turist axını ildə orta hesabla 10–12 faiz artıb, turizm sektorunda məşğulluq 20 faizə yaxın genişlənib.
Prezident İlham Əliyevin Şamaxıya səfəri çərçivəsində açılışı həyata keçirilən layihələr göstərir ki, regionların inkişafı artıq mərhələli şəkildə inteqrasiya olunmuş iqtisadi modelə keçir. Aqrar sektorun modernləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və turizmin genişləndirilməsi paralel şəkildə həyata keçirilərək bölgələrin uzunmüddətli dayanıqlı inkişafını təmin edir. Bu yanaşma Şamaxını yaxın perspektivdə ölkənin ən dinamik və rəqabətqabiliyyətli iqtisadi mərkəzlərindən birinə çevirə bilər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət





