backend

Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdırıq

Tarixin elə səhifələri var ki, onları sadəcə oxumaq olmur, yaşamaq, hiss etmək, ürəyin dərinliyində daşımaq lazım gəlir. 31 Mart Azərbaycan xalqının qan yaddaşıdır. Bu tarix təkcə təqvimdə bir gün deyil, millətin yaddaşına həkk olunmuş ah, nalə, fəryad və eyni zamanda yenilməz iradədir.

Biz bu gün 31 mart soyqırımı qurbanlarını artıq tam fərqli bir Azərbaycanın gerçəkliyində anırıq. Dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərqərar olduğu, separatizmin kökünün kəsildiyi, işğaldan azad olunmuş torpaqlarımızda həyatın yenidən doğulduğu, keçmiş məcburi köçkünlərin dədə-baba ocaqlarına qayıdaraq yeni evlərində ocaq qaladığı bir dövrdə bu faciənin qurbanlarını yad etmək daha dərin məna daşıyır. Bu gün o müqəddəs ruhlar da rahatlıq tapır. Çünki uğrunda can verilən Vətən bu gün bütövdür, diridir, yaşayır.

1918-ci ilin martında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində dinc insanlara qarşı törədilən qətliam yalnız bir xalqın deyil, insanlığın vicdanına vurulan yara idi. Günahsız körpələrin, anaların, qocaların, əliyalın insanların yalnız milli kimliyinə görə hədəf seçilməsi tarixdə ən ağır cinayətlərdən biri kimi yadda qaldı. O günlərdə yandırılan evlər, dağıdılan məscidlər, məhv edilən mədəniyyət ocaqları təkcə daş-divarın yox, bir xalqın mənəvi dünyasının hədəfə alınması idi.
Lakin tarix bir daha sübut etdi ki, qanla yazılan faciələr xalqın iradəsini sındıra bilmir. 31 Martın ağrısı Azərbaycan xalqını qorxutmadı, əksinə, onu daha da bərkidib poladlaşdırdı. Bu faciədən cəmi iki ay sonra xalqımız 28 May istiqlalını elan edərək bütün müsəlman Şərqinə ilk respublika nümunəsini bəxş etdi. Bu, şəhidlərin qanının yerdə qalmadığının ilk böyük sübutu idi.

Bu gün isə tarix yeni bir ədalət səhnəsini yaşayır. Vaxtilə qan tökülən, fəryad yüksələn torpaqlarda indi quruculuq gedir, yollar çəkilir, şəhərlər dirçəlir, kəndlər yenidən nəfəs alır. Vaxtilə yurd-yuvasından didərgin düşən insanlar doğma torpaqlarına qayıdır, uşaqlar yenidən o torpaqlarda gülüş səsləri ilə həyatı canlandırırlar. Bu mənzərə 31 mart qurbanlarının ruhuna ən böyük təsəllidir.

Amma bu dirçəliş bizə bir həqiqəti də daim xatırladır: tarixi unutmaq olmaz. Unudulan tarix təkrarlanmağa məhkumdur. 1905-ci ilin dərsləri vaxtında alınsaydı, 1918-ci ilin mart faciəsi bu qədər dəhşətli olmazdı. 31 Martın həqiqətləri dünya miqyasında daha erkən tanıdılsaydı, bəlkə də Xocalı kimi bir soyqırımı yaşanmazdı. Deməli, tarix yalnız anım üçün deyil, gələcək üçün sipərdir.

Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan sülhə hazırdır, lakin tarixi yaddaşını heç zaman itirmədən. Çünki sülh güclü yaddaş və güclü dövlət üzərində qurulur. Bugünkü Azərbaycan məhz belə bir dövlətdir – keçmişini unutmayan, bu gündə güclü dayanan və gələcəyə inamla addımlayan Azərbaycan.

31 Mart bizə ağlamağı yox, oyaq olmağı, zəifliyi yox, birliyi, unutmağı yox, yaddaşı öyrədir. Bu faciənin ən böyük ibrəti budur: xalq yalnız tarixini bildikdə, dövlətini qoruduqda və milli birliyini saxladıqda gələcəyini təhlükəsiz qura bilər.

Bu gün azad Qarabağda, Şərqi Zəngəzurda, doğma kəndlərimizdə yenidən qalxan tüstü, yanan çıraq, dalğalanan bayraq 31 Mart şəhidlərinin ruhuna verilən ən böyük cavabdır: Azərbaycan yaşayır, qalibdir və tarixini unutmayacaq.

Müşfiq Məmmədli
Milli Məclisin deputatı