Qaynarxett.az xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəsmiləri, Mingəçevir Bələdiyyəsinin, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb və Turizm kolleclərinin rəhbər və nümayəndələri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Anım mərasimində öncə 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində daşnak erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 1918-ci ildə Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində azərbaycanlılara qarşı törədilən qətliamlardan, eləcə də 1988–1994-cü illərdə xalqımızın üzləşdiyi faciələrdən bəhs edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində işğal altında olan torpaqlarımız azad edilib. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi tam təmin olunub.
Çıxışlarda həmçinin qeyd edilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur, regionda həyat yenidən canlanır.
Tədbirdə digər çıxış edənlər – Qərbi Azərbaycan İcmasının Mingəçevir üzrə nümayəndəsi Mayıl İsmayılov, Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün müəllimə Sevil Əlişova və məktəb direktoru Ceyhun Atayev Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşərək şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə can sağlığı arzulayıblar.
Sonda Soyqırımı abidə kompleksinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.





