backend

Sahib Aliyev:“Mart çıxdı, dərd çıxdı” – tarixi yaddaşın acı izləri

“Mart çıxdı, dərd çıxdı” məsəlinin yalnız baharın dəyişkən havası ilə əlaqələndirilməsi geniş yayılmış yanaşmadır. Lakin bəzi araşdırmalara görə, bu ifadə xalqımızın tarixində baş vermiş faciəli hadisələrlə – xüsusilə 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımı ilə bağlı ola bilər.

Deputat Sahib Alıyev qeyd edir ki, 108 il əvvəl baş verən hadisələr təkcə Azərbaycanın bu tayında deyil, Arazın o tayında da kütləvi qırğınlarla müşayiət olunub. Xüsusilə Urmiyada baş verən hadisələrdə minlərlə azərbaycanlının qətlə yetirildiyi, yaşayış məntəqələrinin yandırıldığı bildirilir.

Tarixi mənbələrə istinadən vurğulanır ki, həmin dövrdə xarici qüvvələrin də bölgədəki proseslərə təsiri olub. Bu kontekstdə ABŞ missioneri kimi tanınan Uilyam Ambrouz Şeddin fəaliyyəti də diqqətə çatdırılır.

Deputatın fikrincə, 1918-ci ilin əvvəllərindən etibarən İrəvan quberniyasında yüzlərlə kənd dağıdılmış, on minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Mart hadisələri isə bu faciələrin ən kulminasiya mərhələsi kimi yadda qalıb və qırğınlar bəzi bölgələrdə aprelin sonuna qədər davam edib.

Sahib Alıyev bildirir ki, uzun illər bu hadisələrin üzərinin örtülməsi və tarixi həqiqətlərin gizlədilməsi xalq yaddaşına ciddi təsir göstərib. Bu səbəbdən, “Mart çıxdı, dərd çıxdı” ifadəsinin də xalq arasında üstüörtülü tarixi mesaj kimi formalaşması ehtimal olunur.

Qeyd olunur ki, Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması həm tarixi ədalətin bərpası, həm də bu faciələrin unudulmaması məqsədi daşıyır.

Deputat əlavə edir ki, dövlət tərəfindən son illərdə atılan addımlar bu cür faciələrin təkrarlanmaması üçün mühüm zəmin yaradıb. Onun fikrincə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.