backend

Deputat:Aprel döyüşləri – Böyük Zəfərə aparan yolun başlanğıcı

2016-cı ilin aprelində cəbhə xəttində baş verən və tarixə Aprel döyüşləri kimi düşən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Qısa müddət davam etməsinə baxmayaraq, bu qarşıdurma xalqımızın işğal faktı ilə heç vaxt barışmadığını və ədalətin bərpası uğrunda mübarizədən geri çəkilməyəcəyini bir daha nümayiş etdirdi.

Milli Məclisin deputatı Fatma Yıldırım sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək bildirib ki, Aprel döyüşlərində qazanılan uğur sonrakı böyük zəfərin – Vətən müharibəsi – ideoloji və hərbi əsasını formalaşdırdı. Onun sözlərinə görə, həmin döyüşlər Azərbaycan Ordusunun gücünü, dövlətin siyasi iradəsini və xalq–ordu–hakimiyyət birliyinin sarsılmaz olduğunu bütün dünyaya göstərdi.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkənin hərbi qüdrəti əhəmiyyətli dərəcədə artırılıb, müasir texnologiyalar tətbiq olunub və peşəkar ordu formalaşdırılıb. Aprel döyüşləri isə bu gücün ilk real təzahürü kimi tarixə düşüb.

Paylaşımda qeyd olunub ki, 2016-cı ilin aprelində əldə olunan qələbə 2020-ci ildə baş verən və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin xəbərçisi olub. Azərbaycan Ordusu qısa müddətdə torpaqları işğaldan azad edərək ölkə tarixində yeni bir səhifə açıb.

Fatma Yıldırım həmçinin bildirib ki, bu gün Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş dövlət kimi gələcəyə inamla addımlayır. Aprel döyüşlərində şəhid olan qəhrəmanların xatirəsinin daim uca tutulduğunu qeyd edən deputat onların fədakarlığı nəticəsində bu gün Azərbaycan bayrağının azad torpaqlarda qürurla dalğalandığını vurğulayıb.

Sonda deputat əlavə edib ki, Aprel döyüşləri bir daha sübut etdi: güclü dövlət, güclü ordu və milli birlik olan yerdə qələbə qaçılmazdır və bu ruh Azərbaycanı daha da gücləndirəcək.