Tarixin yaddaşına qızıl hərflərlə yazılacaq daha bir günün şahidi olduq. Aprelin 2-də Bakı sadəcə bir paytaxt deyil, bütün Türk dünyasının döyünən ürəyinə, ortaq iradənin sarsılmaz qalasına çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının rəhbər heyətini qəbul etməsi, sıradan bir diplomatik protokol deyil, minilliklərin sınağından keçmiş bir qardaşlıq andının müasir dünyadakı əzəmətli nümayişi idi. Bu görüş Turan coğrafiyasının parçalanmaz bütövlüyünü, "bir millət, bir çox dövlət" fəlsəfəsinin siyasi və iqtisadi müstəvidəki qətiyyətli təntənəsi kimi tarixə həkk olundu.
Cənab Prezidentin çıxışındakı hər kəlmə bir millətin manifesti, hər vurğu isə gələcək onilliklər üçün strateji yol xəritəsidir. Dövlət başçısının "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur" bəyanatı, Azərbaycanın xarici siyasətinin sarsılmaz sütununu təşkil edir. Bu, sadəcə diplomatik bir cümlə deyil, etnik köklər, ortaq mədəniyyət və vahid tale üzərində ucalan bir mənəvi qalanın elanıdır. Bu gün TDT dünya miqyasında böyük nüfuz qazanaraq bölgədəki proseslərə təsir imkanlarını artırmış, qlobal müstəvidə həlledici aktora çevrilmişdir. Bizim birliyimiz təsadüfi siyasi maraqlar üzərində deyil, qan yaddaşımız və ortaq amallarımız üzərində qurulub ki, bu da bizi digər beynəlxalq təşkilatlardan fərqləndirən ən böyük üstünlüyümüzdür.
İqtisadi qüdrətimiz isə bu mənəvi birliyin polad sütunlarıdır. Azərbaycanın üzv ölkələrin iqtisadiyyatına qoyduğu 20 milyard dollardan çox sərmayə, yaradılan ortaq investisiya fondları və icra edilən layihələr Türk dünyasının iqtisadi suverenliyini təmin edir. Xüsusilə, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində qardaş dövlətlərin – Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın fədakar dəstəyi tarixin qızıl səhifələridir. Füzulidə ucalan Mirzə Uluqbəy məktəbi, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamdakı Manas məktəbi və Xankəndidə fəaliyyətə başlayan Özbəkistan dəstəkli nəhəng tikiş fabriki bu birliyin canlı və əbədi abidələridir. Türkiyə şirkətlərinin yollar, körpülər və tunellər inşasındakı misilsiz rolu isə qardaşlığın əməli təsdiqidir. Azərbaycan da öz növbəsində Türkiyədəki zəlzələdən sonra Kahramanmaraşda 100 milyon dollarlıq "Azərbaycan məhəlləsi"ni inşa edərək sübut etdi ki, Türkün həm acısı birdir, həm də sevinci.
Bu gün dünya nəqliyyat və logistika xəritəsinə baxanda Türk coğrafiyasından yan keçməyin mümkünsüzlüyü aydın görünür. Orta Dəhliz, Trans-Xəzər marşrutu və reallaşmaqda olan Zəngəzur dəhlizi Avrasiyanın yeni və ən etibarlı arteriyalarıdır. Azərbaycan öz ərazisində dəmir yolları, limanlar və hava limanları infrastrukturunu tam hazır vəziyyətə gətirmişdir. Zəngəzur dəhlizinin avtomobil yolunun 90 faizinin, dəmir yolunun isə 70 faizinin tamamlanması, Qars-Naxçıvan xəttinin tikintisi ilə birləşərək illik 15 milyon ton yükdaşıma potensialı olan yeni bir dünya dəhlizini açacaqdır. Biz təkcə öz maraqlarımızı təmin etmirik, həm də bəşəriyyətə sülh, sabitlik və əməkdaşlıq yolları təqdim edirik.
Cənab Prezident İlham Əliyevin çıxışının ən ali nöqtəsi isə təşkilatın daxili saflığı və vəhdəti ilə bağlı idi. Dünyanın bir çox beynəlxalq qurumları daxili ixtilaflar və üzv ölkələr arası münaqişələr içində sarsıldığı bir dövrdə, TDT-də ikitərəfli və çoxtərəfli münasibətlərin problemsiz, tam anlaşma və hörmət daxilində olması nadir bir hadisədir. Bu, bizim müştərək dəyərimizdir. Biz gələcək nəsilləri məhz bu ruhda – bir-birinə dəstək olan, bir-birinə ehtiram bəsləyən ulu bir çinarın budaqları kimi tərbiyə etməliyik. Birliyimiz, enerji resurslarımız və strateji coğrafiyamız bizi yaxın gələcəkdə dünyanın ən qüdrətli qlobal aktoruna çevirəcəkdir.
Bakıdan ucalan bu səs, sönməyən bir məşəlin şöləsidir. Türk dünyasının bu möhtəşəm ailəsi öz tarixi keçmişindən aldığı ilhamla parlaq gələcəyinə doğru inamla, sarsılmaz iradə ilə addımlayır. Heç bir kənar qüvvə, heç bir siyasi fırtına bu ailənin təməllərini sarsıda bilməz. Çünki biz kökü bir, qayəsi bir, taleyi bir olanların yenilməz birliyiyik. Qoy bütün dünya bilsin: Türkün əsri başlamışdır və bu günəş bir daha heç vaxt batmayacaq! Yaşasın Türk dövlətlərinin əbədi qardaşlığı, yaşasın Turanın sarsılmaz birliyi!
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / maraqli / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Siyasət



