Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili onu da qeyd edib ki, Bakının belə mühüm tədbirlərə ev sahibliyi etməsi də təsadüfi hal deyil: “Bu, Azərbaycanın həm coğrafi, həm də siyasi baxımdan Türk dünyasının mərkəzlərindən birinə çevrildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlərdən aydın olur ki, ölkəmiz yalnız təşəbbüslərlə çıxış edən tərəf deyil, eyni zamanda bu təşəbbüslərin reallaşdırılması üçün konkret resurs və imkanlar təqdim edən etibarlı tərəfdaşdır. Çıxışda xüsusi yer tutan məqamlardan biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Orta Dəhliz layihəsinin aktuallaşdığı bir dövrdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin koordinasiyalı fəaliyyəti qlobal ticarət marşrutlarının yenidən formalaşmasında mühüm rol oynaya bilər. Bu baxımdan Azərbaycanın təşəbbüsləri yalnız regional deyil, daha geniş coğrafiyada iqtisadi proseslərə təsir göstərmək potensialına malikdir. Bununla yanaşı, biz çıxışda siyasi həmrəyliyin əhəmiyyəti və türk dövlətlərinin beynəlxalq platformalarda birgə mövqedən çıxış etməsinin vacibliyi barədə mesajları da eşitdik. Bu, təşkilatın gələcək inkişaf perspektivləri baxımından mühüm strateji xətt kimi qiymətləndirilə bilər. Çünki müasir beynəlxalq münasibətlər sistemində regional birliklərin gücü, ilk növbədə, üzv dövlətlərin siyasi iradəsinin uzlaşdırılması ilə müəyyən olunur. Ümumilikdə, Bakıda keçirilən bu görüş və dövlət başçısının çıxışı göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız ideoloji birlik deyil, real güc mərkəzinə çevrilməkdədir. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması isə ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxşaxəli xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Bu kontekstdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas konsepsiyalardan biri kimi xüsusi əhəmiyyət kəsb edir” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.


