backend

Regional geoiqtisadi arxitekturanın qurulmasında yeni mərhələ...

“Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqlar fonunda baş tutur. Xüsusilə 2020-ci ildən sonra regional güc balansının dəyişməsi, nəqliyyat dəhlizləri və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması bu səfəri strateji baxımdan əhəmiyyətli edir”.


Qaynarxett.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, tarixi olaraq Azərbaycan-Gürcüstan münasibətləri postsovet məkanında ən stabil və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıqlardan biri hesab olunur və bu, əsasən enerji ixracı, nəqliyyat-logistika, təhlükəsizlik və siyasi koordinasiya kimi üç sütuna əsaslanır: “Məlumdur ki, Azərbaycanın əsas enerji ixrac marşrutları olan Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Qaz Boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda reallaşdırılan elektrik enerjisi ixracı xətti Gürcüstan üzərindən keçir. Bu layihələr isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır, Gürcüstanı tranzit mərkəzinə çevirir və Avropa İttifaqı üçün alternativ enerji mənbələri yaradır. Beynəlxalq analitik mərkəzlərin qiymətləndirmələrinə əsasən, Cənubi Qafqazda tranzit və enerji dəhlizlərinə nəzarət gələcək onillikdə əsas geosiyasi rəqabət sahələrindən biri olacaq. Bu mənada, Azərbaycan-Gürcüstan əlaqələri enerji əməkdaşlığının genişlənməsinə, Avropaya qaz ixracının artırılmasına, “Yaşıl enerji dəhlizi” layihələrinin sürətlənməsinə, Orta Dəhlizin gücləndirilməsinə, Çin-Avropa ticarətində alternativ marşrut kimi rolunun artmasına əlavə təkan verəcək”.
Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri sadəcə ikitərəfli diplomatik görüş deyil: “Bu, regional geoiqtisadi arxitekturanın yenidən qurulması prosesinin bir hissəsidir və Azərbaycanı Avrasiya enerji və logistika xəritəsində mərkəzi aktor kimi möhkəmləndirir. Eləcə də, bu səfər Azərbaycanın Gürcüstanda mövqeyini bir investor olaraq da gücləndirəcək. Nəzərə alsaq ki, iki ölkənin ticarət dövriyyəsi 800 milyon dollardan çoxdur, lakin bu rəqəmin milyardı keçmək imkanları çox realdır. Eyni zamanda, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub ki, Bakı bu rəqəmin də artırılmasında inamlı görünür. Bir sözlə, Prezident İlham Əliyevin Gürcüstana səfəri əlaqələrə yeni təkan verəcək”.