backend

Fatma Yıldırım: İlham Əliyevin Gürcüstan səfəri Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığını bir daha təsdiqlədi

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanata münasibət bildirib.

Deputat qeyd edib ki, bu səfər Azərbaycan–Gürcüstan münasibətlərinin strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanır.

Fatma Yıldırım vurğulayıb ki, əsrlər boyu xalqlar arasında formalaşmış qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. O, Gürcüstanda mövcud olan siyasi sabitlik və dinamik iqtisadi inkişafın xüsusi qeyd olunmalı olduğunu bildirib.

Deputatın sözlərinə görə, məhz bu sabitlik və əlverişli investisiya mühiti Azərbaycan investorlarının Gürcüstana marağını artırıb və nəticədə bu ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində sərmayə qoyulub. Bu isə qarşılıqlı iqtisadi inteqrasiyanın real göstəricisidir.

Bildirilib ki, beynəlxalq müstəvidə Azərbaycan və Gürcüstanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi münasibətlərin yüksək siyasi səviyyəsinin bariz nümunəsidir. Bu həmrəylik regionda sabitliyin və təhlükəsizliyin qorunmasına mühüm töhfə verir.

Deputat həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışında Cənubi Qafqazda formalaşan yeni reallıqlar xüsusi vurğulanıb. Onun fikrincə, regionun sülh, əməkdaşlıq və inkişaf məkanına çevrilməsi üçün tarixi imkanlar yaranıb və bu prosesdə Gürcüstanın rolu yüksək qiymətləndirilməlidir.

Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri regional layihələrdən bəhs edən Fatma Yıldırım Bakı-Tbilisi-Ceyhan neft kəməriCənub Qaz Dəhlizi kimi layihələrin strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu layihələr enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətini daha da artırır.

Sonda deputat bildirib ki, Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafı regionun logistika imkanlarını genişləndirir və iqtisadi əməkdaşlığı yeni mərhələyə yüksəldir. Onun sözlərinə görə, Azərbaycan–Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında qurulmuş nümunəvi tərəfdaşlıq modelidir və bu model region ölkələri üçün də örnək ola bilər.