backend

Deputat Fatma Yıldırım: Mehriban Əliyevanın Tbilisi səfəri Azərbaycan–Gürcüstan dostluğunun növbəti təzahürüdür

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 6-da Tibilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanışlığı Azərbaycan–Gürcüstan münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım sosial şəbəkə hesabında paylaşımında bildirib.

Deputat qeyd edib ki, bu səfər yalnız mədəni xarakter daşımır, eyni zamanda iki dost ölkə arasında humanitar əlaqələrə verilən yüksək önəmi əks etdirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu ortaq dəyərlər, qarşılıqlı dəstək və etimada söykənən möhkəm münasibətlər formalaşdırıb və bu ənənə bu gün də əməkdaşlığın bütün sahələrində davam edir.

Paylaşımda vurğulanıb ki, Mehriban Əliyevanın muzeylə tanışlığı onun milli-mənəvi irsimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Xaricdə fəaliyyət göstərən belə mədəniyyət ocaqlarına diqqət milli kimliyin qorunması və diasporla əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, Mirzə Fətəli Axundzadənin adını daşıyan bu məkan ədəbiyyatımızın, maarifçilik ənənələrimizin və milli düşüncə tariximizin təbliğində mühüm rol oynayır.

Sonda qeyd olunub ki, bu səfər Azərbaycanın mədəni irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl siyasət apardığını göstərməklə yanaşı, Azərbaycan–Gürcüstan dostluğunun mədəni-humanitar müstəvidə də uğurla inkişaf etdiyini bir daha təsdiqləyir.