backend

Sabitlik və inkişaf naminə birgə fəaliyyət

Cənubi Qafqaz regionunda formalaşmış yeni reallıqlar fonunda Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji əhəmiyyətini daha da artırır. Tarixi dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər bu gün də ölkələrimizin inkişafında mühüm rol oynayır. Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban qonşuluq şəraitində yaşayıblar, bu ənənələr müasir dövrdə  iki dost ölkə arasında münasibətlərin möhkəm təməlini təşkil edir.
Azərbaycan ilə Gürcüstan müstəqil dövlətlər kimi siyasi sabitlik və iqtisadi inkişaf yolu ilə inamla irəliləyir, ölkələrimiz arasında iqtisadi əlaqələr ötən illər ərzində dinamik şəkildə inkişaf edib. Bu müddətdə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar investisiya qoyulub ki, bu da ölkələrimizin iqtisadi tərəfdaşlığının real göstəricisidir.
Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri dost ölkələrimiz arasında əlaqələrin dinamik inkişafına mühüm töhfə verəcək. Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı son illərdə əhəmiyyətli dərəcədə genişlənir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların həcminin yüksəlməsi və yeni layihələrin müzakirə olunması tərəfdaşlığın davamlı inkişafından xəbər verir.
Enerji sahəsində əməkdaşlıq iki dövlət arasında münasibətlərin əsas komponentlərindən biridir. Azərbaycan uzun illərdir ki, Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu prosesdə Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhliz layihəsi iki dövlətin nəqliyyat-logistika sahəsində əməkdaşlığını yeni mərhələyə yüksəldir. Bu dəhliz Şərq ilə Qərb arasında mühüm bağlantı rolunu oynayaraq regionun tranzit imkanlarını genişləndirir. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir.
Qarşıdakı dövrdə Azərbaycan–Gürcüstan münasibətlərinin daha da dərinləşəcəyi gözlənilir. Xüsusilə yaşıl enerji, Orta Dəhliz çərçivəsində logistika və nəqliyyat infrastrukturunun genişləndirilməsi, rəqəmsal iqtisadiyyat və üçüncü ölkələrdə birgə investisiya layihələri kimi sahələr yeni əməkdaşlıq imkanları təqdim edir. Bununla yanaşı, regional sülhün təmin edilməsi kontekstində Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesində Gürcüstanın oynadığı rol da diqqət çəkir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə layihələrin həyata keçirilməsi tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir. Gürcüstanda əlverişli investisiya mühiti Azərbaycan şirkətlərinin fəaliyyətini stimullaşdırır, eyni zamanda, regionda yeni layihələr üçün imkanlar yaradır.
Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan–Gürcüstan münasibətləri möhkəm təməllər üzərində qurulub və davamlı inkişaf yolundadır. Gürcüstanın iqtisadi uğurları və siyasi sabitliyi region üçün müsbət nümunədir, Azərbaycan isə bu inkişafın yaxın tərəfdaşı kimi çıxış edir. Bu qarşılıqlı etimad və əməkdaşlıq gələcəkdə də hər iki ölkənin rifahına və regionun sabitliyinə xidmət edəcək.  

Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri