backend

Deputat Razi Nurullayev dələduzluqla qarşılaşan vətəndaşı qəbul etdi…

“İmişli sakini Sevda Bayramovanın haqsızlıqla – torpağının və evinin dələduzluq yolu ilə ələ keçirilməsi məsələsi ilə bağlı sosial şəbəkələrdə yayılan videosunu gördüm. Onu bu gün oğlu ilə birlikdə dəvət etdim və dinlədim. Doğrudan da, adam dinlədikcə tükləri biz-biz olur. Lazımi addımlar atılacaq.”

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, son zamanlar vətəndaşların mülkiyyət hüquqlarının pozulması halları kütləvi xarakter almağa başlayıb:

“Bu gün tez-tez görürük ki, vətəndaşlar dələduzlar tərəfindən aldadılır, pulları, malları, əmlakları ələ keçirilir. Bu cinayət əməli ilə güzəştsiz mübarizə aparmaq hər bir kəsin borcudur. Biz Milli Məclisin deputatları ‘vicdanlı alıcı’ məsələsində çox səylər göstəririk. Bu termin bizim üçün əzizdir və hər zaman ‘vicdanlı alıcı’nı müdafiə etməyə çalışırıq. Lakin Sevda xanımın iddiasına görə, onun məsələsində ‘vicdanlı alıcı’ da qrupun bir üzvüdür.”

MCP başqanı məsələnin ciddi araşdırılmasının tərəfdarı olduğunu və hüquqi müstəvidə dəstəyin davam edəcəyini vurğulayıb:

“Məsələnin ciddi araşdırılmasına ehtiyac yaranıb. Növbəti mərhələ Ali Məhkəmədir və vətəndaş bu hüququndan istifadə edəcək. Biz də qanunvericilik çərçivəsində lazım olan addımları öz tərəfimizdən atacağıq. Heç bir cinayətkar əməl cəzasız qalmamalı, vətəndaşın haqqı özünə qaytarılmalıdır”.

#millicebhepartiyasi