backend

Fatma Yıldırım: Azərbaycan–Latviya münasibətləri yeni mərhələyə qədəm qoyur

Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan–Latviya münasibətlərinə dair fikirlərini bölüşüb.

Deputat bildirib ki, İlham Əliyev və Edqars Rinkevičs arasında keçirilən görüş və mətbuata verilən bəyanat ölkəmizin beynəlxalq əməkdaşlıq siyasətinin ardıcıl və strateji xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və tərəfdaşlığın dərinləşdirilməsi üçün güclü siyasi iradənin mövcudluğunu göstərir.

Deputat vurğulayıb ki, Azərbaycan və Latviya arasında formalaşmış etibarlı münasibətlər artıq konkret nəticələr verən əməkdaşlıq modelinə çevrilir. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələrin dayanıqlı inkişafı üçün mühüm hüquqi baza rolunu oynayır və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradır.

Şuşa şəhərində keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclasına toxunan deputat qeyd edib ki, bu, Azərbaycanın post-münaqişə dövründə regional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı mühüm addımlardan biridir. Eyni zamanda, azad edilmiş ərazilərin beynəlxalq iqtisadi və siyasi proseslərə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və biznes əlaqələrinin gücləndirilməsi əsas prioritetlər sırasındadır. Keçirilən biznes forumlar və müzakirə olunan layihələr göstərir ki, hər iki ölkənin iqtisadi potensialı qarşılıqlı faydalı şəkildə reallaşdırıla bilər.

Humanitar sahədə əməkdaşlığın da önəmini vurğulayan deputat bildirib ki, Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı mədəni və elmi əlaqələrin inkişaf etdiyini göstərir və gələcək üçün möhkəm sosial baza yaradır.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın regionda sülh və sabitliyin təmin olunması istiqamətində prinsipial və konstruktiv mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika isə uzunmüddətli sülhün mümkünlüyünü göstərir.

Sonda Fatma Yıldırım qeyd edib ki, Azərbaycan–Latviya münasibətləri möhkəm təməl üzərində qurulub və qarşılıqlı hörmət, etimad prinsiplərinə əsaslanaraq gələcəkdə daha da genişlənəcək.