Qaynarxett.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev “Memarlıq və Şəhərsalma ili” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusunda çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, qadın ailənin və cəmiyyətin təməl daşı, hər bir evin “sosial memarı”dır:
“Sosial memarlıq deyəndə ilk növbədə qadının ailənin və cəmiyyətin formalaşmasındakı rolunu nəzərdə tuturam. Məhz buna görə də qadınların təhsil imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Azərbaycanda oxumaq istəyən bütün qadınlar üçün, topladığı baldan asılı olmayaraq, pulsuz təhsil imkanları yaradılmalıdır. Çünki ailəni formalaşdıran qadındır, ailələr isə cəmiyyəti qurur.”
MCP başqanı həmçinin qadınların iqtisadi fəallığının və sahibkarlıq imkanlarının artırılmasının vacibliyini qeyd edib:
“Azərbaycanda qadın sahibkarların sayı hələ də azdır və bu istiqamətdə əlavə stimullara ehtiyac var. Qadın sahibkarlığını inkişaf etdirmək üçün onlara daha əlverişli şərtlərlə kreditlər verilə bilər. Bu cür təşviqlərin sui-istifadəyə səbəb ola biləcəyi ilə bağlı arqumentlər qadınların iqtisadi fəallığının artırılmasına mane olmamalıdır. Bundan qorxmaq lazım deyil. Cəmiyyət həmin qadınla birlikdə inkişaf edəcək. Memarlıq ili çərçivəsində əsas məqsədlərdən biri memar qadınların sayının artırılması, eləcə də memarlıqla bağlı qadın sahibkarlıq subyektlərinin genişləndirilməsi olmalıdır.”







