backend

Fatma Yıldırım: WUF13 Azərbaycanın şəhərsalma modelinin qlobal səviyyədə təsdiqidir

Deputat Fatma Yıldırım sosial şəbəkə hesabında Bakıda keçiriləcək World Urban Forum 13 ilə bağlı diqqətçəkən paylaşım edib.

Paylaşımda vurğulanır ki, sürətlə dəyişən dünyada şəhərsalma artıq yalnız tikinti və infrastruktur məsələsi deyil, insan həyatının keyfiyyətini müəyyən edən əsas amilə çevrilib. Bu baxımdan WUF13 qlobal şəhər inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və burada qəbul olunacaq qərarların milyonlarla insanın gündəlik həyatına birbaşa təsir edəcəyi qeyd olunur.

Deputat bildirir ki, müasir şəhərsalmada əsas meyar insan amilidir. Sağlam ev anlayışı artıq yalnız yaşayış sahəsi deyil, insanın fiziki və psixoloji rifahını təmin edən mühit kimi qəbul olunur. Gün işığı, təmiz hava, təhlükəsiz və sosial baxımdan əlçatan mühit bu konsepsiyanın əsas tərkib hissələridir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən son illərdə həyata keçirilən islahatların şəhərsalmada keyfiyyət mərhələsinə keçidi təmin etdiyi diqqətə çatdırılır. Ərazi planlaşdırılması, baş planların sistemləşdirilməsi, tikinti sahəsində şəffaflığın artırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi bu istiqamətdə mühüm addımlar kimi qiymətləndirilir.

Xüsusilə qeyd olunur ki, yeni yaşayış komplekslərinin planlaşdırılmasında sağlam mühitin yaradılması, yaşıllıq zonalarının genişləndirilməsi və sosial infrastrukturun əlçatanlığı prioritet təşkil edir. Bu yanaşma artıq yalnız Baku ilə məhdudlaşmır, regionlarda da geniş tətbiq olunur.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin müasir şəhərsalmanın qabaqcıl nümunələri olduğu vurğulanır. Ağalı kəndi, Füzuli və Zəngilan kimi ərazilərdə qurulan yaşayış məntəqələrinin ağıllı idarəetmə sistemləri, alternativ enerji mənbələri və ekoloji tarazlıq prinsipləri əsasında inkişaf etdiyi qeyd olunur.

Bundan əlavə, “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə Komitə sədri Anar Quliyev tərəfindən səsləndirilən fikirlərə də istinad olunur. Çıxışda şəhərsalmada özəl sektorun rolunun artırılması, investisiya mühitinin genişləndirilməsi və uzunmüddətli planlaşdırmanın əhəmiyyəti xüsusi vurğulanıb.

Paylaşımın sonunda deputat qeyd edir ki, WUF13 çərçivəsində müzakirə olunacaq inklüziv mənzil siyasəti, iqlimə davamlı şəhərlər və insan mərkəzli planlaşdırma kimi istiqamətlər Azərbaycanın həyata keçirdiyi inkişaf modeli ilə tam uyğunluq təşkil edir. Bu isə ölkənin şəhərsalma siyasətinin qlobal trendlərlə paralel inkişaf etdiyini göstərir.