backend

Nəsib Məhəməliyev: Azərbaycan–İtaliya strateji tərəfdaşlığı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Azərbaycan ilə İtaliya arasında formalaşan strateji tərəfdaşlıq son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişaf edərək iki ölkə arasında əlaqələri yeni mərhələyə yüksəldib. Enerji əməkdaşlığından tutmuş təhsil və mədəniyyət mübadiləsinə qədər geniş spektri əhatə edən bu münasibətlər, həm regional, həm də beynəlxalq müstəvidə mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən Qaynarxett.az-a danışıb.

- Azərbaycan üçün İtaliya ilə strateji tərəfdaşlığın əsas üstünlükləri nələrdir?

-İtaliya Azərbaycanın Avropa məkanında ən yaxın dostu olmaqla yanaşı, həm də strateji tərəfdaşıdır. Bakı Ilə Roma arasında strateji tərəfdaşlıq 2020-ci ilin fevralında Roma şəhərində Azərbaycan Prezidenti və İtaliyanın Nazirlər Şurasının sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”yə əsaslanır. Məlumat üçün qeyd edim ki, 2014-cü ildə də iki ölkə arasında anoloji sənəd imzalanıb. İtaliya ilə strateji tərəfdaşlığın ən vacib üstünlüyü ondan ibarətdir ki, bununla Azərbaycan həm də İtaliya vasitəsilə dünyanın inkişaf etmiş 7 ölkəsi (G7) ilə əlaqələri inkişaf etdirmiş olur, Bakı Roma vasitəsilə G7-yə çıxış əldə edir. Digər mühüm istiqamət İtaliyanın Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə verə biləcək töhfədir. Roma bu mənada strateji tərəfdaş kimi Azərbaycanla Avropa İttifaqı arasında körpü rolunu oynaya bilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi Bakı və Roma münasibətlərinin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır.
İtaliya ilə strateji tərəfdaşlıqda mühüm istiqamətlərdən biri enerji sektorunda əməkdaşlıqdır. İtaliya Azərbaycan qazının əsas alıcıları sırasındadır. Azərbaycan İtaliyanın neft təchizatında da mühüm yer tutur. İtaliya baş naziri ilə keçirilən görüşdə dövlət başçımızın qeyd etdiyi kimi keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunub. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi də gündəmdə olan məsələdir. Prezident İlham Əliyev bildirib ki, artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir. Bir sözlə Azərbaycan və İtaliya arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri həm Bakı, həm də Roma üçün müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır.

-İki ölkə arasında humanitar əlaqələrin inkişafı üçün hansı addımlar planlaşdırılır?

-Azərbaycan ilə İtaliya arasında humanitar sahədə də müxtəlif istiqamətləri özünə ehtiva edən çox yüksək əlaqələr mövcuddur. Bu sahədə ilk sırada təhsil sektorunda əməkdaşlıq yer alır. Bu gün iki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı şəkildə əməkdaşlıq edilir, mübadilə proqramları həyata keçirilir. ADA Universiteti ilə Bologna Universiteti arasında tələbə mübadiləsi, birgə tədqiqatlar və ikili diplom proqramları reallaşdırılır. Bu əməkdaşlıq Azərbaycan gənclərinin İtaliya ali təhsil müəssisələri üzərindən beynəlxalq təcrübə qazanmasına şərait yaradır.
Mədəniyyət və incəsənət sahəsində də çox yaxşı əlaqələrimiz var. Bu sırada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq yerinə düşər. Heydər Əliyev Fondu ötən illər ərzində İtaliyada müxtəlif sərgilər, konsertlər və mədəni tədbirlər təşkil edib. Paralel olaraq İtaliya mədəniyyətinin də Azərbaycanda tanıdılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Azərbaycan və İtaliyanın UNESCO çərçivəsində birgə əməkdaşlığı tarixi abidələrin qorunması və təbliği istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Turizm sahəsində nəticələr qaneedici səviyyədə olmasa da, ümumilikdə italiyan turistləri üçün Azərbaycan, xüsusilə Bakı, cəlbedici sayılır.

-Bu görüş regionda geosiyasi balanslara necə təsir edə bilər?

-Həm Azərbaycan, həm də İtaliya istər bizim yerləşdiyimiz coğrafiyada, istərsə də yaxın və uzaq regionlarda sülh və sabitliyin tərəfdarıdır. Bakı və Roma iqtisadi, ticari, enerji sektorunda əməkdaşlığın daha yüksək səviyyədə olması üçün sabitliyi başlıca factor hesab edir. Bu baxımdan İtaliyanın Azərbaycanın sülh gündəliyinə dəstək verməsi həm də Cənubi Qafqazda Bakını dəstəkləməsi, onun mövqeyinə hörmətlə yanaşması deməkdir. Dolayısıyla bu, İtaliyanın, o cümlədən İtaliyanın timsalında Avropanın Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqları qəbul etməsi, Bakını regionun güc mərkəzi kimi tanıması anlamına gəlir. Avropada gözəl bilirlər ki, Azərbaycan artıq regional gücdən qlobal gücə çevrilməkdədir. Onun Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol Azərbaycanın qlobal güc amilinə çevrildiyinin təsdiqidir.

-Bu səfər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirirmi?

-Təbii ki, Azərbaycana edilən hər bir səfər, hər bir dövlət və hökumət başçısının ölkəmizə gəlişi Bakının beynəlxalq mövqeyinin güclənməsi ilə yanaşı, Azərbaycanın dünyada bir daha tanıdılması, xüsusilə postmüharibə dövründə təqdim etdiyimiz sülh gündəliyi, Ermənistanla normallaşma prosesi, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq-abadlıq işləri, Böyük Qayıdış prosesinin təqdimatı baxımından önəmlidir. Bütün bu səfərlər, ölkəmizə olan marağın hər ötən gün artması həm də Azərbaycan dövləti və onun liderinin uzaqgörən siyasəti, uğurlu diplomatik gedişlərinə olan qiymət, dəyər deməkdir.

-İtaliyanın Azərbaycana münasibəti digər Avropa ölkələri ilə müqayisədə nə ilə fərqlənir?

-İtaliya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, onun öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımlara sayğı göstərən azsaylı Avropa ölkələrindən biridir. 44 günlük Vətən Müharibəsi zamanı da Roma eyni prinsiplərə sadiq qalaraq bəzi Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə qarşı heç bir əks mövqe sərgiləmədi. Eyni zamanda Tarixi Zəfərdən sonra Roma Bakını ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etdi.
Hazırda da İtaliya Azərbaycanın sülh gündəliyinə bəzi Avropa ölkələrindən fərqli olaraq dəstək nümayiş etdirir, regionda gərginliyin artması deyil, davamlı sülhün əldə olunmasını istəyir. Bunu sözügedən ölkənin baş naziri Meloni də Bakıda keçirilən görüşdə bird aha aydın şəkildə ifadə etdi: “Mən Birləşmiş Ştatların verdiyi təkan sayəsində tarixi mərhələni əks etdirən normallaşma yolunda İtaliyanın tam dəstəyini bir daha vurğuladım. Düşünürəm ki, 2026-cı il bu baxımdan mühüm ilə çevrilə bilər, çünki çox vacibdir ki, bu dinamik regionun bütün potensialı istifadə edilsin”.
Təbii ki, bütün bunların təməlində yuxarıda da qeyd etdiyim kimi iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri dayanır. Bakı kimi Roma da strateji tərəfdaşlığa sadiq qalıb bu əlaqələri daha da irəli aparmaq istiqamətində ortaya ciddi siyasi iradə qoyduğu üçün Azərbaycan-İtaliya əlaqələri gün-gündən inkişaf edir.