backend

Heydər Əliyev ideyaları Azərbaycanın inkişaf yolunun möhkəm təməlidir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dövlətçilik tariximizin memarı, milli inkişaf strategiyasının müəllifi və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasının təminatçısı kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun siyasi irsi təkcə keçmişin uğurlu idarəçilik nümunəsi deyil, həm də bu gün Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən fundamental dövlətçilik məktəbidir. Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə bu böyük şəxsiyyətin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərini bir daha dərin ehtiramla xatırlayırıq.
Ulu Öndər Heydər Əliyev irsi yalnız siyasi tariximizin parlaq səhifəsi deyil, həm də dövlətə və xalqa xidmət prinsipinin ali nümunəsidir. Çünki məhz Ümummili Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb tarixi mərhələləri uğurla adlayaraq sabitlik, inkişaf və beynəlxalq nüfuz qazandı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni parçalanma təhlükəsindən xilas etdi, siyasi sabitliyi təmin etdi və dövlət institutlarını möhkəmləndirdi. Onun rəhbərliyi ilə hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi, milli iqtisadiyyatın əsasları formalaşdırıldı, neft strategiyası hazırlanaraq Azərbaycanın gələcək inkişafı üçün etibarlı zəmin yaradıldı. “Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirən dönüş nöqtəsinə çevrildi.
Dahi Öndər Heydər Əliyevin siyasi kursunun əsas mahiyyətini milli maraqlara söykənən müstəqil dövlətçilik fəlsəfəsi təşkil edirdi. O, Azərbaycançılıq ideologiyasını milli birliyin ideya platformasına çevirdi, xalqın mənəvi dəyərlərini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bu ideologiya bu gün də cəmiyyətimizin həmrəyliyini təmin edən əsas mənəvi dayaqlardan biridir.
Ulu Öndər gənclərin təhsilinə, intellektual inkişafına və vətənpərvərlik ruhunda formalaşmasına xüsusi diqqət yetirirdi. Onun müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması məhz Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Bu gün hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən güc alır. Onun xalqına bəxş etdiyi siyasi məktəb Azərbaycanın gələcək inkişafının etibarlı təminatıdır. Ulu Öndərin əziz xatirəsi daim qəlblərdə yaşayacaq, ideyaları isə Azərbaycanın sabahını işıqlandırmağa davam edəcək. 
Cavid Osmanov,
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü