backend

Fatma Yıldırım: Tullantıların idarə olunması ilə bağlı fərman strateji əhəmiyyət daşıyır

Milli Məclisin deputatı Fatma Yıldırım Prezident İlham Əliyevin tullantıların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni fərmanı yüksək qiymətləndirib.

Deputat bildirib ki, bu qərar ekoloji təhlükəsizliyin gücləndirilməsi, tullantıların düzgün idarə olunması və regionlarda mövcud problemlərin aradan qaldırılması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyinin yaradılması dövlətimizin ekoloji siyasətə verdiyi önəmin bariz göstəricisidir.

Fatma Yıldırım vurğulayıb ki, hazırda bəzi bölgələrdə tullantıların çeşidlənməsi, daşınması və utilizasiyası ilə bağlı müəyyən çətinliklər mövcuddur. Yeni agentliyin fəaliyyəti isə bu problemlərin daha sistemli və operativ şəkildə həllinə, müasir idarəetmə mexanizmlərinin tətbiqinə və ətraf mühitin qorunmasına mühüm töhfə verəcək.

Deputat qeyd edib ki, bu fərman gələcək nəsillər üçün sağlam ekoloji mühitin formalaşdırılması istiqamətində atılmış vacib addımdır. O hesab edir ki, qərar ölkədə yaşıl inkişaf siyasətinin daha da güclənməsinə, regionlarda ekoloji vəziyyətin yaxşılaşmasına və vətəndaş məsuliyyətinin artırılmasına xidmət edəcək.

Fatma Yıldırım əlavə edib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti Azərbaycanın dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələlərini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul etdiyini bir daha nümayiş etdirir.