Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, bu kontekstdə VUF-la bağlı qəbul edilmiş sənədlərin təbliği fonunda Azərbaycan artıq yalnız regional deyil, qlobal urban gündəliyin formalaşmasına töhfə verən mühüm aktor kimi çıxış edir:
"Son illər ərzində formalaşan “Azərbaycan nümunəsi” isə xüsusilə Prezident İlham Əliyevin uzaqgörən liderliyi və strateji dövlət idarəçiliyi nəticəsində beynəlxalq səviyyədə diqqət çəkməyə başlayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan bu gün dünyada yalnız qalib dövlət kimi deyil, həm də quruculuq və inkişaf modeli kimi qəbul olunur. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri bunu təsdiq edən ən real faktorlardan biridir. Burada həyata keçirilən layihələr təkcə dağıdılmış infrastrukturu bərpa etmək məqsədi daşımır, eyni zamanda gələcəyin şəhərsalma modelini formalaşdırır. Ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması, rəqəmsal idarəetmə sistemlərinin qurulması və ekoloji davamlılıq prinsiplərinin prioritet elan olunması Azərbaycanın qlobal urban gündəliyə verdiyi real töhfə kimi qiymətləndirilir.
Bu prosesdə Prezident İlham Əliyevin strateji baxışı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, azad edilmiş ərazilər ən yüksək standartlara uyğun şəkildə yenidən qurulur və hazırda həyata keçirilən layihələr bu siyasi iradənin praktik nəticəsi kimi çıxış edir. Müasir hava limanlarının tikilməsi, “Zəfər yolu”nun inşası, yeni logistika və enerji infrastrukturlarının yaradılması Azərbaycanın dövlət idarəçiliyinin effektivliyini və iqtisadi gücünü nümayiş etdirir. Eyni zamanda bütün bu layihələrin əsasən daxili resurslar hesabına həyata keçirilməsi ölkənin maliyyə dayanıqlığını və müstəqil inkişaf modelini beynəlxalq ictimaiyyət qarşısında daha da gücləndirir.
Azərbaycanın urban inkişaf siyasəti artıq beynəlxalq platformalarda da xüsusi maraq doğurmaqdadır. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın yaşıl keçid, dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik sahəsində irəli sürdüyü təşəbbüslər qlobal miqyasda diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr isə post-münaqişə reabilitasiyası sahəsində yeni beynəlxalq təcrübə nümunəsi kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan modeli bir çox dövlətlər üçün dağıntıdan müasir urban inkişaf mərhələsinə keçidin uğurlu nümunəsinə çevrilmək potensialına malikdir".

Deputat bildirib ki, bütün bunlar Azərbaycanın dövlət maraqları baxımından da mühüm strateji nəticələr doğurur:
"İşğaldan azad edilmiş ərazilərin sürətli reinteqrasiyası, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması, regionun iqtisadi potensialının bərpası və Azərbaycanın beynəlxalq imicinin daha da gücləndirilməsi həyata keçirilən siyasətin əsas prioritetləri sırasında yer alır. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları möhkəmləndirərək regional lider mövqeyini daha da gücləndirir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan Azərbaycan urban inkişaf modeli bu gün qlobal miqyasda yeni inkişaf nümunəsi kimi qəbul olunmağa başlayıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq siyasəti sübut edir ki, Azərbaycan post-münaqişə dövrünü strateji üstünlüyə çevirməyi bacaran və milli maraqları dayanıqlı inkişaf konsepsiyası ilə uzlaşdıran güclü dövlət modelinə malikdir".



