backend

Ümumdünya Şəhərsalma Forumu: innovativ həllər və dayanıqlı inkişaf strategiyası

“2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkənin şəhərsalma siyasəti, tarixi-mədəni irsin qorunması, postmünaqişə dövründə həyata keçirilən quruculuq işləri və müasir urbanizasiya istiqamətində görülən tədbirlər barədə fikirlərini bölüşüb”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Prezident İlham Əliyev bunu Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biri kimi qiymətləndirərək qeyd edib ki, bu Forum COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Dövlət başçısı forumun nəticələrinin də COP29 kimi uğurlu olacağına əminliyini ifadə edib: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır”.
Azərbaycanda tarixi irsin qorunması ilə müasir şəhərsalma siyasəti arasında balansın yaradılması əsas prioritetlərdən olduğunu vurğulayan Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini xatırladaraq vurğulayıb ki, şəhərsalma məsələləri yalnız paytaxt Bakı üçün deyil, bütün regionlar üçün dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Dövlət başçısı Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq ənənələrinə malik olduğunu diqqətə çatdıraraq, Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ və Şəki kimi şəhərlərdə yerləşən tarixi abidələrin Azərbaycan xalqının zəngin mədəni irsinin göstəricisi olduğunu bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı yalnız musiqisi və poeziyası ilə deyil, həm də qədim memarlıq nümunələri ilə fəxr edir. Dövlət başçısının qeyd etdiyi kimi, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin əsas vəzifələrindən biridir. Bu baxımdan Bakının rəmzlərindən biri olan Qız qalası və digər tarixi abidələrin bərpası xüsusi əhəmiyyət daşıyır. Çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinə də geniş yer ayıran Prezident İlham Əliyev bildirib ki, uzun illər işğal altında qalmış ərazilər tamamilə dağıdılıb.
Ağdam şəhərinin beynəlxalq müşahidəçilər tərəfindən “Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq qeyd edib ki, şəhər tamamilə yerlə-yeksan edilmişdir və Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edən dövlət başçısı İlham Əliyev son beş il ərzində bölgədə tunellər, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və beynəlxalq hava limanlarının tikildiyini  vurğulayıb: “Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir”.
Bakı uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşib. Vaxtilə neft tullantıları ilə çirklənmiş Qara şəhərin bu gün müasir Bakı Ağ Şəhər layihəsinə çevrildiyini vurğulayan ölkə Prezidenti son illər paytaxtda yeni parklar və ictimai məkanların yaradıldığını, ictimai nəqliyyat sisteminin yeniləndiyini və ekoloji baxımdan dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində mühüm addımların atıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq”. Beləliklə, inkişaf naminə cəsarətli addımlar atılmalı, eyni zamanda, tarixi irsin qorunmasına xüsusi həssaslıqla yanaşılmalıdır.
“Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı Azərbaycanın müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq işlərini və ölkənin dayanıqlı inkişaf strategiyasını bir daha önə çəkdi”, – deyə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib.