Deputat bildirib ki, Araz çayının kənarında yerləşən təxminən 20 hektarlıq ərazidə baş verən yanğın güclü küləyin təsiri ilə sürətlə yayılaraq obyektlərə çatıb. Yanğının qarşısını almaq üçün səylər göstərilsə də, obyektdəki əmlakı xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində sahibkar Tahir Həşimova məxsus xeyir-şər məclisləri üçün nəzərdə tutulmuş çadır və ona aid bütün ləvazimatlar, eləcə də tamet sexi yanaraq yararsız vəziyyətə düşüb. İlkin hesablamalara görə, sahibkara dəyən maddi ziyanın həcmi 80-100 min manat arasında qiymətləndirilir.
Razi Nurullayev qeyd edib ki, zərərçəkmiş sahibkarın 7 nəfər işçisi olub və obyekt sığortalanmayıb. Deputatın sözlərinə görə, bu cür hallarda dövlət tərəfindən sahibkarlara dəstək göstərilməsi vacibdir:
“İtirən yalnız sahibkar deyil. O, həm də insanlara iş yeri verən və vergi ödəyən şəxsdir. Buna görə də belə hallarda dövlət dəstəyi mühüm əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, hadisə ilə bağlı müvafiq sənədləşdirmə aparılmalı, dəyən ziyan rəsmi şəkildə hesablanmalı və aktlaşdırılmalıdır. O, bundan sonra sahibkara kömək göstərilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
Razi Nurullayev əlavə edib ki, heç kim yanğının təxminən bir kilometrə yaxın yulğunluq sahəsini keçərək obyektə çatacağını təsəvvür etmirdi və baş verənlər sahibkar üçün gözlənilməz olub.











