backend

Razi Nurullayev ATV-ni sərt tənqid etdi: “Fikirlərim 100 faiz kontekstdən çıxarılıb”

Milli Məclisin deputatı Razi Nurullayev qadınların pensiya yaşı ilə bağlı ATV kanalında yayımlanan süjetə etiraz edib. Deputat bildirib ki, onun müsahibəsində səsləndirdiyi fikirlər tamamilə təhrif olunaraq ictimaiyyətə təqdim edilib.
Razi Nurullayev qeyd edib ki, yayımlanan material onun dediklərini əks etdirmir və süjet “100 faiz kontekstdən çıxarılıb”.
“Bu boyda kanal Milli Məclisin deputatının fikirlərini yüz faiz saxtalaşdırıb verib. Çox təəssüf edirəm. Heç olmasa 95 faiz, 99 faiz edərdiniz. 100 faiz etmək ağını çıxarmaqdır”, – deyə deputat vurğulayıb.
O bildirib ki, müsahibəni götürən əməkdaşlardan biri onunla əlaqə saxlayaraq üzr istəyib. Lakin deputat bu üzrxahlığı qəbul etmədiyini və müsahibənin orijinal variantını tələb etdiyini açıqlayıb.
Razi Nurullayev mətbuata açıq siyasətçi olduğunu, jurnalistlərin suallarını cavablandırmağa çalışdığını qeyd edərək, belə halların gələcəkdə deputat və vəzifəli şəxslərin mediadan uzaqlaşmasına səbəb ola biləcəyini bildirib.
Deputat vurğulayıb ki, ölkəyə qarşı mənfi mövqe sərgiləyən qüvvələrin olduğu bir vaxtda media tərəfindən belə addımların atılması yolverilməzdir.
“Hazırda hansı addımı atacağıma qərar verməmişəm. Ancaq bir söz deyə bilərəm: Təəssüf edirəm ATV, çox təəssüf edirəm”, – deyə Razi Nurullayev əlavə edib.