Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşdən sonra verdiyi bəyanat yalnız Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişaf dinamikasını deyil, eyni zamanda Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları əks etdirən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışı bir daha nümayiş etdirdi ki, bu gün regionun gələcəyi qarşıdurma üzərində deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və dayanıqlı sülh prinsipləri əsasında qurulur. Bu yeni siyasi yanaşmanın əsas müəllifi və təşəbbüskarı isə məhz Azərbaycandır. 44 günlük Vətən müharibəsində və ondan sonrakı mərhələdə ölkəmizin öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etməsi Cənubi Qafqazda uzun illər davam etmiş status-kvonu tamamilə aradan qaldırdı. Bununla da region dövlətləri üçün tamamilə yeni imkanlar və əməkdaşlıq perspektivləri yarandı. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan sülhü sadəcə siyasi ritorika və ya formal bəyanat kimi deyil, gündəlik həyatda hiss olunan və konkret addımlarla möhkəmlənən reallıq kimi qəbul edir.
Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələr yeni regional düzənin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda sülh sazişi mətninin paraflanması, tərəflər arasında de-fakto sülh mühitinin yaranması və bunun praktik nəticələrinin artıq görünməyə başlaması regionun gələcəyinə daha nikbin yanaşmağa əsas verir. Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətləri aradan qaldırması, eyni zamanda yanacaq təchizatına başlaması göstərir ki, rəsmi Bakı qalib tərəf olmasına baxmayaraq münasibətləri qarşıdurma müstəvisində saxlamaq niyyətində deyil. Əksinə, Azərbaycan qarşılıqlı etimadın formalaşmasına xidmət edən konkret addımlar atmaqla davamlı sülhün möhkəmləndirilməsinə çalışır. Ölkəmizin irəli sürdüyü təşəbbüslər yalnız ikitərəfli münasibətlər çərçivəsində qalmır. Son illərdə Azərbaycanın həyata keçirdiyi iri nəqliyyat və infrastruktur layihələri Cənubi Qafqazın beynəlxalq logistika xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas halqasına çevrilən Azərbaycan bu gün Avropa ilə Asiyanı birləşdirən ən etibarlı marşrutlardan birini formalaşdırıb. Müasir limanlar, yenilənmiş dəmir yolları və avtomobil magistralları təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına xidmət edən mühüm infrastruktura çevrilib. Xüsusi diqqət çəkən məqamlardan biri də Avropa Komissiyasının bu proseslərə göstərdiyi maraq və dəstəkdir. Ursula Fon der Lyayenin Bakıya səfəri və aparılan müzakirələr göstərir ki, Avropa İttifaqı da Cənubi Qafqazın sabitlik və əməkdaşlıq məkanına çevrilməsində Azərbaycanın oynadığı aparıcı rolu yüksək qiymətləndirir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmləndiyini bir daha təsdiq edir.
Prezident İlham Əliyevin bəyanatından çıxan əsas nəticə ondan ibarətdir ki, Azərbaycan artıq regionun siyasi gündəliyini formalaşdıran başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz hərbi qələbəni diplomatik üstünlüyə, diplomatik uğuru isə iqtisadi əməkdaşlıq və regional inteqrasiya platformasına çevirməyi bacarıb. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaz tədricən qarşıdurma məkanı olmaqdan uzaqlaşaraq sülhün, qarşılıqlı etimadın və ortaq inkişafın hökm sürdüyü bir coğrafiyaya çevrilməkdədir. Azərbaycanın irəli sürdüyü bu baxış isə həm region dövlətlərinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına cavab verən ən real və dayanıqlı inkişaf modelidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət








