Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında yerli istehsalçıların iri ticarət şəbəkələrinə çıxışında mövcud olan problemlərlə bağlı çıxış edib.
Deputat bildirib ki, yerli sahibkarların müraciətlərini nəzərə alaraq bu məsələni Milli Məclisdə gündəmə gətirib.
Razi Nurullayev qeyd edib ki, yerli istehsalçılar məhsullarını supermarket və iri ticarət şəbəkələrində satışa çıxarmaq üçün müxtəlif giriş, listinq, marketinq və digər ödənişlərlə üzləşirlər. Onun sözlərinə görə, bəzi hallarda bu ödənişlər hər bir filial üzrə 200 manatdan başlayaraq 500, 1000 manata, hətta daha yüksək məbləğlərə qədər çatır ki, bu da xüsusilə kiçik və orta sahibkarlar üçün bazara çıxışı xeyli çətinləşdirir.
Deputat vurğulayıb ki, iri xarici istehsalçılar və idxalçılar geniş maliyyə imkanlarına və böyük istehsal həcmlərinə malik olduqları üçün bu xərcləri asanlıqla qarşılaya bilir, nəticədə yerli istehsalçılar qeyri-bərabər rəqabət şəraitində fəaliyyət göstərmək məcburiyyətində qalırlar.
Razi Nurullayev bildirib ki, mövcud vəziyyət ticarət şəbəkələrində yerli məhsulların payının azalmasına, kiçik və orta sahibkarlığın zəifləməsinə, milli brendlərin rəqabət qabiliyyətinin aşağı düşməsinə, investisiyaların və yeni iş yerlərinin azalmasına, eyni zamanda ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Deputat hesab edir ki, məsələ yalnız kommersiya münasibətləri deyil, həm də dövlətin iqtisadi siyasəti və antiinhisar prinsipləri baxımından qiymətləndirilməlidir. O təklif edib ki, iri ticarət şəbəkələrinin təchizatçıların qəbul şərtləri, listinq və digər ödənişləri aidiyyəti dövlət qurumları tərəfindən araşdırılsın, bu ödənişlərin yerli istehsalçılara təsiri qiymətləndirilsin və məhsulların ticarət şəbəkələrinə çıxışı üçün şəffaf, vahid qaydalar müəyyən edilsin.
Razi Nurullayev, həmçinin yerli istehsalçılar üçün bu ödənişlərin tənzimlənməsi imkanlarının nəzərdən keçirilməsini, antiinhisar qanunvericiliyi baxımından hüquqi qiymətləndirmələrin aparılmasını və idxal məhsullarının dempinq qiymətlərinin yerli istehsala təsirinin təhlil edilməsini vacib sayıb.
Deputat çıxışının sonunda Milli Məclisin payız sessiyasında yerli istehsalçıların, iri pərakəndə ticarət şəbəkələrinin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə geniş ictimai dinləmənin keçirilməsini təklif edib. O bildirib ki, belə müzakirələr qanunvericiliyin təkmilləşdirilməsinə və yerli istehsalçıların problemlərinin həllinə mühüm töhfə verə bilər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
Sosial / Iqtisadiyyat
gundem / Sosial











